Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın  birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, tərcüməçi və təmsilçi Hikmət Ziyanın 90, rus yazıçısı və təmsilçi İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibətilə ədiblərin yaradıcılığına həsr olunan  tədbir keçirilib.

 

160 nömrəli Klassik Gimnaziyada reallaşan tədbirdə unudulmaz şair Hikmət Ziyanın ailə üzvləri, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina, kitabxananın əməkdaşları, şagird və  müəllimlər iştirak ediblər.

 

Məktəbin beşinci sinif şagirdləri tərəfindən tədbir iştirakçılarına hər iki ölkənin ədiblərinin həyat və fəaliyyəti haqqında məlumat verilib, həmçinin onların yaradıcılığından ən çox sevilən təmsillər səhnələşdirilib, mahnı və rəqs nömrələri təqdim olunub.

 

Çıxış üçün söz alan Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirin təşkilində məqsəd məktəbliləri hər iki ölkənin təmsil ustalarının yaradıcılığı ilə yaxından tanış etməkdir. Qeyd olunub ki, rus yazıçısı İvan Andreyeviç Krılovdan ən çox təmsil tərcümə edən böyük şair Hikmət Ziya 3 mindən çox təmsil müəllifi kimi tanınır. Qısa təmsillərinin əksəriyyəti həyat və insan haqqında yazılmış əsərlərdir.

 

Tədbir iştirakçıları sonda kitabxana tərəfindən təşkil olunan hər iki ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.

 

 

Samirə KƏRİMOVA