Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər  Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu günlər qədirbilən xalqımız müasir Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edir. Rektor vurğulayıb ki, bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Dahi şəxsiyyət Heydər Əliyev öz müdrik siyasəti, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın formal, nominal müstəqilliyini faktiki, hüquqi müstəqilliyə çevirdi. Ulu Öndər müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında tanıtdı, Azərbaycanı nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü etdi. Heydər Əliyevin müdrik siyasi məktəbinin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev də Ulu Öndərimizin xalqımız və dövlətimizlə bağlı ideallarına sadiqlik nümayiş etdirərək müstəqil dövlətimizi daha da gücləndirdi və inkişaf etdirdi: “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Biz bugünkü müstəqil, sürətlə inkişaf edən, dünya siyasətində və beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan Azərbaycana görə Heydər Əliyevə borcluyuq”. 

 

 

Tədbirdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanova  və Tələbə Gənclər Təşkilatının sədr müavini Taleh Mirzəyev çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin, mədəniyyətin, gənclərin və qadınların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı öz dolğun əksini tapıb.

 

Bundan başqa, tədbirdə “Ulu bir sərkərdə, ulu bir öndər” adlı şeir səslənib, Heydər Əliyev haqqında film nümayiş etdirilib, “Torpağın səsi” adlı musiqi və “Yaşa Azərbaycan!” adlı mahnı səslənib.

 

Sonra “Azərbaycançılıq bir amildir” videoçarxı nümayiş olunub, türkiyəli tələbə Kadir Palalı Heydər Əliyev barədə şeir oxuyub.