Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbədənkənar iclası keçirilib. Elmi Şura üzvləri əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Dahi rəhbərin müəyyən etdiyi siyasi kursu xalqımız yekdilliklə dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və bayraqdarı, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən Prezident cənab İlham Əliyevə etibar edib.

 

Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə ulu öndərin  Azərbaycan təhsilinin inkişafı üçün gördüyü işlərdən, aparılan islahatlardan danışıb.

 

Yeni Azərbaycan Partiyası Yasamal rayonu, 43 saylı ərazi ilk partiya təşkilatının  sədri,  İqtisadi nəzəriyyə və marketinq kafedrasının  müdiri  Asəf Ağayev çıxışında ulu öndərin rəhbərliyi dövründə aparılan genişmiqyaslı islahatlardan, dahi rəhbərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən bəhs edib. 

 

AzMİU Tələbə Həmkarlar İttifqı Komitəsinin sədri Bayram Aslanov isə çıxışında ümummilli lider Heydər Əliyevin ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirməsinə toxunub.

 

Şura üzvləri iclasdan sonra ümummilli liderin universitetin həyətində ucaldılan büstünün önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.