Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının xalqımızın ictimai-mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. O, həmçinin ümummilli lider Heydər Əliyevin 70-ci illərin əvvəllərində Suriyaya səfəri və orada Nəsiminin məzarını ziyarət etməsindən danışıb və bildirib ki, Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun səyləri ilə şairin 600 illik yubileyi keçirilib və YUNESKO-da qeyd edilib.

 

Daha sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini t.ü.f.d. Ramilə Dadaşova Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsimi haqqında yazılan əsərlərdən danışıb.

 

Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov isə hürufizm və onun banisi olan Nəsiminin yaradıcılığından bəhs edib.

 

Tədbirdə,  eyni zamanda,  Ermənişünaslıq şöbəsinin müdiri t.ü.e.d. Qasım Hacıyev Nəsiminin Hələb şəhərindəki qəbrini ziyarət etməsi haqqında xatirələri və Şimali Qafqaz şöbəsinin müdiri i.e.ü.f.d. Liliya Mirzəzadənin Nəsiminin dünyaya tanıdılmasında Heydər Əliyevin böyük rolundan bəhs edən məruzəsi dinlənilib.