Bakı Slavyan Universiteti (BSU) ilə Rusiyanın Volqoqrad Dövlət Sosial - Pedaqoji  Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilədə iki təhsil müəssiəsi arasında birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması öz əksini tapıb.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva Volqoqrad Dövlət Sosial - Pedaqoji Universitetinin professoru Olqa Dimitriyeva arasında keçirilən görüşdə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

 

N.Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq  əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq məsələləri barədə söz açıb. BSU-nun Rusiyanın qabaqcıl universitetləri ilə əlaqələrindən də danışan N.Əliyeva həmin universitetlərdə fəaliyyət göstərən Azərbacan dili və mədəniyyəti mərkəzləri barədə qonağa məlumat verib. N.Əliyeva BSU-dakı tədris-mədəniyyət mərkəzlərinin, xüsusən Rusiya Tədris və Mədəniyyəti Mərkəzi nəzdində “Moskva auditoriyası”nın fəaliyyətinə də toxunub.

 

Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən Olqa Dimitriyeva BSU-dakı təhsil sisteminin, burada yaradılan şəraitin bunun bariz nümunəsi olduğunu deyib. Qonaq BSU ilə Volqoqrad Dövlət Sosial - Pedaqoji Universiteti arasında qurulacaq  əməkdaşlığın Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.