Mayın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin  ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə  həsr olunmuş konserti olub.  Nəsimi Rayon İcra Hakimiyyəti və Musiqi Kollecinin birgə təşkil etdiyi konsertdə kollecin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru Nazim Kazımov ümummilli lider Heydər Əliyevin təhsil və müəllim haqqında səsləndirdiyi fikirlərdən sitat gətirib.  Dahi şəxsiyyət Heydər Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söhbət açan Nazim Kazımov ümummilli liderin anadan olması ilə bağlı kollecdə hər il olduğu kimi bu il də silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.  Bildirilib ki, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsində misilsiz xidmətlər göstərib.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmışdır. A.Əsgərov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olduğunu və qədirbilən xalqımızın qəlbində daim yaşayacağını bildirib.

 

Çıxışının sonunda A.Əsgərov kollecin aprel ayında müxtəlif beynəlxalq müsabiqələrdə qalib olmuş tələbələrini təbrik, qaliblərə diplom təqdim olunub.

 

Konsert proqramına kollecin tələbələrindən ibarət, bədii rəhbəri və dirijoru, Əməkdar incəsənət xadimi Əlibala Rzayev olan Estrada simfonik orkestrinin ifasında Fikrət Əmirovun “Aşıqsayağı” kompozisiyası ilə başlanılıb. Sonra tələbələrin ifasında Azərbaycan və dünya bəstəkarlarının biri-birindən maraqlı əsərləri səsləndirilib. III kurs tələbəsi Rəqsanə Ağayevanın ifasında səsləndirilən Şahnaz təsnifi,  tələbələrin müxtəlif alətlərdə solo ifaları iştirakçılarda xoş ovqat yaradıb. Konsert proqramının sonunda kollecin xor kollektivinin ifasında Qara Qarayevin “Xoşbəxtlik mahnısı”, Üzeyir Hacıbəylinin “Ey Vətən” əsərləri səsləndirilib.

 

 

Niyazi RƏHİMOV