Mayın 12-də “Muzeylər və Nəsimi irsi” proqramı üzrə  təşkil edilən muzey həftəsinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində açılış mərasimi olub.
 
 
Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
 
 
Açılış mərasimini giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini deyib.  Təhsil naziri bildirib ki, məktəblilərin muzeylərə ekskursiyalarının təşkili təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunması qarşıda duran vəzifələrdən biridir. Nazir həmçinin həmin ekskursiyaların şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha geniş və ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb.
 
 
Məktəblilərin teatrlara cəlb olunmasının da əhəmiyyətindən söz açan Təhsil naziri qeyd edib ki, bu istiqamətdə artıq Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupu müzakirələr aparır.
 
 
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev respublikamızda fəaliyyət göstərən muzeylərdən söz açıb,  son illər istər məktəblilərin, istərsə də digər şəxslərin muzeylərə maraq göstərdiyini bildirib. Muzeylərdə məktəbliləri qəbul etmək üçün lazımi şəraitin olduğunu diqqətə çatdıran nazir Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığından, bu əməkdaşlığın ümumi işə müsbət təsir etdiyindın danışıb.
 
 
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova muzeylər həftəsinin əhəmiyyətindən söz açıb.
 
 
Tədbirin bədii hissəsində məktəblilərin ifasında mahnılar səsləndirilib, şeirlər söylənib.
 
 
Sonda iştirakçılar Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, muzeydəki eksponatlarla tanış olublar.
 
 
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Məktəblilər üçün muzey həftəsi” keçirilir.
 
 
Bu il keçirilən layihənin məqsədi 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanımaq, məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.
 
 
Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edəcək.