"Öpməkçin müqəddəs bir mövqe varsa, O da müəllimin əlidir, anla!"...Müəllimin əlini öpməyi müqəddəs əməl hesab edən ustad şair Məhəmmədhüseyn Şəhriyar üçün dərs aldığı müəllimləri ən ali mövqedə idi. Elə dünya filosoflarının atası sayılan, “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”-deyən yunan filosofu Sokrat üçün də.

 

Bəs bizim üçün müəllim kimdir? Son zamanlar sosial şəbəkələrdə, internet mediada müəllimlər haqqında paylaşılan videoları, yazıları, onlara yazılan şərhləri oxusaq,araşdırsaq, çox acınacaqlı mənzərə alınar-müəllim ələ salınır! Baxın son paylaşılan videolara-şagirdlər müəllimin qabağında çalıb-oynayır, bunu videoya çəkir, qorxusuz-hürküsüz sosial şəbəkələrdə yayır, buna görə müəllim işdən qovulur… Və cəmiyyət rahat nəfəs alır! Niyə? Niyə gecələr yuxusuz qalıb ali təhsil alan, müəllimliyi özünə peşə edən bir insanın işsiz qalmasını cəmiyyət bayram kimi qarşılayır? Bundan sonra nə ilə məşğul olacaq, qapılarda fəhləlikmi edəcək, bazarda göyərtimi satacaq? Bunu heç kəs düşünmür.Bir müəllimin faciəsi bir insanın, bir ailənin, bu ailədə böyüyən uşaqların faciəsinə çevrilir.

 

…Bu günün müəllimi niyə aciz duruma düşüb? Niyə şagirdə söz deməyə, ona yüngülcə də olsa qulaqburması verməyə qorxur,gözünü döyüb oynayan uşaqlara baxır? Çünki o təkdir, şagirdə əl uzatsa, əllərdəki telefonlar onu çəkəcək, əsəbiləşib ağzından bir söz çıxartsa, uşağa təpinsə, dünya qopacaq, valideyn, cəmiyyət töküləcək üstünə… Müəllim işdən qovulur, amma nə oynayan uşaqlara, nə onların valideynlərinə heç kim heç nə demir. Sanki, elə-belə də olmalıymış: şagird toxunulmazdır, müəllimi ələ salmaq da olar…

 

…Burda bir haşiyə çıxmaq istəyirəm. Bir neçə il öncə cənub bölgəsi rayonlarının birində xarici dili tədris edən qocaman müəllim dərsini pozan bir şagirdə tənbeh məqsədi ilə əl qaldırmışdı, videodan da göründüyü kimi, yüngülcə döymüşdü. Bunun üstündə həmin müəllimə cəza verilməsi məsələsi gündəmə gələndə müəllimli-şagirdli hamı həmin müəllimin müdafiəsinə qalxdı, elə videonu çəkən şagirdlərin valideynləri də müəllimin tərəfində qalıb, öz övladlarını qınadılar. Amma müəllim həmin videodan sonra bir daha özünə gəlmədi, bölgənin ən yaxşı xarici dil  müəllimlərindən biri  növbəti tədris ilində məktəbi tərk etdi… O, şagirdlərə inamını, cəmiyyət isə savadlı müəllimi itirdi. Mən müəllimlərin  şagirdləri döyməyinin birmənalı əleyhdarı olsam da, bir sual məni düşündürür-dərsi pozan, müəllimi aşağılayan, söz qanmayan şagirdə hansı cəza tətbiq olunmalıdır?

 

…Bəli, bu gün müəllim həm orta məktəbdə, həm də ali məktəbdə sinfə, auditoriyaya qorxa-qorxa girir. Onun yaddaşını məşğul edən verəcəyi bilgi yox, qarşılaşacağı sürprizdir- əllərdəki mobil telefonlarla indiki nəsil çox şeyə qadirdir. O, ən hörmətli müəllimi də bir sözlə haldan çıxarıb, əsəbiləşdirib sonra xəlvəti telefona çəkib sosial şəbəkələrdə rüsvay, özünü isə ulduz edə bilər!. Dediklərimin həqiqət olmasının təsdiqi paylaşılan son videolardır. Elina hadisəsinin geniş müzakirəsindən sonra şagirdlər müəllimlərini intiharla qorxudurlar. Ən pisi də budur ki, valideyn məktəbin, müəllimin yox, sensasiya axtaran cəmiyyətin, reytinq axtaran internet medianın yanındadır. Bu günün müəllimi tək qalıb. Onun arxasında valideyn, cəmiyyət olmasa, tədrisi nə dərəcədə keyfiyyətli olar? Ən əsası, peşəsinə marağı, sevgisi qalarmı? Bu gün təhlükəli sayılan peşələrin sırasına müəllimliyi də daxil etmək lazımdır. Çünki heç kəs təminat verə bilməz ki, o hansısa paylaşıma görə işini itirməyəcək, cəmiyyətin qınağına məruz qalmayacaq.

 

Mən müəllim ailəsində böyümüşəm. Atam, bacılarım, qızlarım müəllimdir. Amma bu yazını onların taleyinə narahatlığa görə yazmadım. Vaxtıilə ziyalılıq etalonu sayılan müəllimin cəmiyyətin gözündə bu dərəcədə dəyərsiz olması, aşağılanması, hər gün sosial şəbəkələrdə paylaşılan videolar, onların vurhavurlu şərhi məni məcbur etdi bu yazını yazmağa. Bəlkə birlikdə fikirləşək? Müəllimin  dəyərsiz olduğu bir cəmiyyətdə nə dəyərli ola bilər? Axı bütün cəmiyyəti müəllim yetişdirir!

 

 

Esmira İsmayılova

Lənkəran