Mayın 15-də “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan məcburi köçkün tələbələrlə görüş keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıb. Prorektor qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Professor İsa Xəlilov çıxışında Ermənistanın təcavüzkar siyasətinin ölkəmiz və xalqımız üçün ağır nəticələrinə diqqət çəkərək gəncləri hər zaman ayıq-sayıq olmağa, düşmənə qarşı dövlətimiz ətrafında sıx birləşməyə çağırıb.

 

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının ekspertləri Şahin Qədirov və Ülkər Məhərrəmova çıxış edərək Ermənistanın düşmənçiliyi, mənfur qonşularımızın məkrli siyasətindən danışıblar.  

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə təşkil olunub. Müzakirə zamanı tələbələrin münaqişənin həlli ilə bağlı fikirləri öyrənilib.