Müraciətlərin əksəriyyəti regionlardandır


 Təhsil Nazirliyi bu günlərdə məktəb mühitini pozan hallarla bağlı “Qaynar xətt”i (146-2) şagirdlərin, valideynlərin, müəllimlərin və hətta məktəb rəhbərliyinin istifadəsinə verib. Maraqlıdır ki, xidmət işə başladığı ilk həftədən bütün ölkə ərazisini əhatə edib. Belə ki, ayrı-ayrı rayonlardan bu nömrəyə daxil olan müraciətlərin sayı paytaxtdan gələn zənglərdən daha çox olub. Bu da yeni xidmətin ölkə ərazisində böyük maraqla qarşılandığının göstəricisidir. Bəli, tələbat deyil, məhz maraqla.

 

Məsələ bundadır ki, “Qaynar xətt”in (146-2) açılması ilə bağlı qərar ötən ay verilib. Bakı məktəblisi Elina Hacıyevanın məktəb binasının üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsinin ardından yaşanan hadisələr, gedən söz-söhbətlərdən sonra gündəmə gələn bu qərarı ictimaiyyətə Təhsil naziri Ceyhun Bayramov açıqlayıb. Qərar verilərkən elə hesab edilib ki, nəinki məktəbdə, hətta məktəbdən kənarda bir məktəblinin başına gələcək istənilən hadisədən dərhal xəbər tutmaq Təhsil Nazirliyinin operativ müdaxilə və bununla da nəticəyə təsir imkanlarını artıracaq.

 

 

“146-2”-lik hallar

 

 

“Qaynar xətt”in ilk iş həftəsindən belə görünür ki, təhsil müəssisələrində vəziyyət heç də düşünüldüyü qədər “fövqəladə” deyil.

 

Bəs, “fövqəladə hadisə” deyərkən nə nəzərdə tutulur? Valideyn, ya da şagird, hətta müəllim və ya məktəb direktoru hansı hadisə ilə bağlı məhz 146-2-ni yığmalıdır?

 

Belə məlum olur ki, fövqəladə hallara təhsil müəssisəsi və onun ərazisində baş vermə təhlükəsi olan və ya baş vermiş yanğın, zəhərlənmə, təhsilalanların, təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr aiddir. Eyni zamanda, təhsilalanlara və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar baş verdikdə də məktəb rəhbərliyi və müəllimlər “Qaynar xətt”ə məlumat ötürə bilərlər. Təhsil müəssisəsində və ya məktəbdən kənarda ölümlə nəticələnən hər hansı bədbəxt hadisə zamanı isə 146-2-yə xəbər verilməsi mütləqdir.

 

 

Xəbər verdikdən sonra

 

 

“Məktəb mühitinin pozulmasına gətirib çıxaran faktdan tutmuş ölümlə nəticələnən bədbəxt hadisəyə qədər təhsil müəssisəsi ilə əlaqədar hər bir hal barədə 146-2-yə məlumatın ötürülməsi nəyi dəyişdirəcək?”,  -  deyə maraqlanırsınızsa, o zaman zəngin daxil olduğu andan etibarən hərəkət trayektoriyasına baxaq. Telefon Məlumat Mərkəzinin rəhbəri Natəvan Əsgərova  deyir: “Yeni xidmətin təşkili təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların birbaşa nazirliyə verilməsi məqsədi daşıyır. Daxil olan zəng qeydə alınır. Müraciət nazirliyin müvafiq strukturuna ötürülərək orada araşdırılır. Nəticə ilə bağlı şikayət edən şəxsə məlumat verilir. Hansı tədbirlər görüldüyü bildirilir və nəticədən narazı qalarsa, yenidən müraciət etməsi xahiş olunur”.

 

N.Əsgərovanın sözlərinə görə, məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək. Ancaq həmin qərarlar, sadəcə, baş verən faktla bağlı olmayacaq.  Başqa təhsil müəssisələrində oxşar halların qarşısının alınması məqsədilə də lazımi tədbirlər görüləcək: “Qaynar xətt”ə daxil olmuş məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndirilir, nazirliyin və ya yerli təhsili idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürülür. Bu, bizim əsas gündəlik işimizdir. Bununla yanaşı, fövqəladə hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim olunacaq”.

 

 

Heç kim şikayətini geri götürə bilməyəcək

 

 

Beləliklə, 146-2 istifadəyə verildiyi andan zəng gəlməyə başlayıb. Xidmətin işə başladığı ilk həftədə artıq 10-dan çox müraciət daxil olub:  “Müraciətlərin əksəriyyəti regionlardandır. Zənglərdən belə görünür ki, “Qaynar xətt”ə ən çox valideynlər müraciət edib. Şagirdlər arasında baş verən münaqişələrin həllində aciz qalan valideynlər çıxış yolunu “Qaynar xətt”də axtarıb. Ancaq maraqlıdır ki, münaqişə yaratmaqda müəllimlər də şagirdlərindən geri qalmayıblar. Daxil olan zənglərin tərkibini araşdıranda məlum olur ki, müəllimlər arasında da birinin sözü o birinin “boğazından keçməyənlər” var. Belə hallardan birinin sorağı 146-2-yə çatıb. Şagird münaqişələrindən fərqli olaraq müəllimlərin hirsi tez soyuyub və müraciət edən müəllim sonradan şikayətini geri götürməyə cəhd etsə də, bu istəyi baş tutmayıb. “Əsəbiydim. Aramızda anlaşılmazlıq olub. Bir-birimizi düz başa düşməmişik” deyib ərizəsini geri götürmək istəsə də, “Qaynar xətt”də razılaşmayıblar. N.Əsgərova bu faktı nəzərə alaraq deyir ki,  müəllimlər də, valideynlər də 146-2 nömrəsinə zəng etməzdən öncə yüz ölçüb bir biçməlidirlər: “Hər kəs bilməlidir ki, daxil olan hər bir müraciət araşdırılır və şikayəti sonradan geri götürmək istəsələr, buna imkan verilməyəcək”.

 

 

Məlumat lövhələri şagirdləri yönləndirəcək

 

 

Daxil olan zənglərin əhatə dairəsi göstərir ki, “Qaynar xətt” barədə artıq ölkə ictimaiyyəti məlumatlıdır. Ancaq bu, kifayət deyil. N.Əsgərova deyir ki, məlumatlılıq səviyyəsini artırmaq üçün mətbuat vasitəsilə informasiya ötürülsə də, bunu yetərli saymırlar. “Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək. Bu da şagirdlərin məlumatlanmasını təmin edəcək, onların da istənilən hadisə ilə bağlı birbaşa müraciət etməsinə imkan verəcək.

 

 

Ruhiyyə DAŞSALAHLI