Mayın 17-də Bakıdakı 83 nömrəli məktəb-liseydə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla görüş keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Reyhan Ağayeva, Bakıdakı 248 nömrəli tam orta məktəbin direktoru Xəyyam Fərəcov və digər şəxslər iştirak ediblər.

 

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbiri məktəb-liseyin kimya müəllimi, əməkdar müəllim Akif Teyli açaraq akademikin həyat və yaradıcılığı, elmi nailiyyətləri və pedaqoji fəaliyyətindən danışıb.

 

Məktəb-liseyin şagirdləri “Kimya təcrübələr yaradır” mövzusunda kimya elminin insan həyatında rolu barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, müxtəlif sənaye sahələri və kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-energetika kompleksi, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf edə bilməz.  Kimya sənayesi xalq təsərrüfatını müxtəlif kimyəvi məhsullarla təmin edir.

 

Sonra şagirdlər  musiqili kimya, danışan elementlər, qələvi metallar ilə bağlı əyləncəli materiallar nümayiş  etdirib, fənnə aid  sualları cavablandırıblar. İkinci mərhələdə isə praktik bacarıqlarını nümayiş etdirərək müxtəlif kimyəvi reaksiyalar aparıb, alınan maddələri, onların xassələrini müəyyənləşdiriblər.

 

Akademik Vaqif Abbasov çıxışında  şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi  mövzusuna  toxunaraq vətəni sevmək və vətənpərvər olmaq, tariximizi unutmamağın vacibliyini söyləyib. Alim ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsil istiqamətində gördüyü işlər, neft-kimya sənayesinin inkişafındakı rolundan söz açıb. Akademik şagirdlərə kimya və digər elmlərin sirlərinə dərindən yiyələnmək, hərtərəfli inkişaf etmək və dünyagörüşünün formalaşması üçün elmi məlumatlarla zəngin olan NKPİ.az saytından faydalanmağı tövsiyə edib. Sonra akademik Vaqif Abbasov məktəbin 9-10-cu sinif şagirdləri ilə dialoq şəklində səmimi söhbət aparıb.

 

Alim daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb, özünün müəllifi olduğu kitabları hədiyyə edib.

 

Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov qonaqlara tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib.

 

Rəşad ZİYADOV