Dövlət İmtahan Mərkəzi (DİM) “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsinə davam edir.VI sinif üçün biologiya və coğrafiya fənləri üzrə “vizuallaşdırılmış dərs”lərin bir hissəsi qurumun "Youtube" kanalına yerləşdirilib.

 

Qeyd edək ki, 2019-cu ilin əvvəllərindən etibarən DİM tərəfindən “Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə "videodərs"lərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

 

Bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığ­camlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə et­məyə imkan verir.

 

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalında yerləşdirilir. İngilis dili fənni üzrə VVIVII sinfə, fizika fənni üzrə isə VI sinfə aid materiallar əsasında “videodərs”lər kanala yerləşdirilib. Hazırda isə V sinif Azərbaycan dili, VI sinif coğrafiyabiologiya fənləri üzrə “vizuallaşdırılmış dərs”lərin bir hissəsi portala yerləşdirilib. Yaxın vaxtlarda digər dərslər də kanala yüklənəcək.

 

DİM-in təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır.

 

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri var. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

 

Digər fənlər üzrə də materialların hazırlanması üzərində iş gedir.

 

“Videodərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər və müəllimlər metodiki material kimi istifadə edə bilərlər.