Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) “Sağlam Düşüncə” Gənclər Təşkilatı (SDGT) universitetin Tələbə Gənclər Təşkilatı ilə birlikdə “Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində “Erasmus+” təhsil proqramının təqdimatını keçirib.

 

AzTU-nun prorektoru, professor İsa Xəlilov “Erasmus+” proqramının Azərbaycan gəncləri üçün əhəmiyyətindən danışıb. Prorektor Avropa strukturlarının təhsil sahəsində həyata keçirdikləri layihələri və azərbaycanlı gənclər üçün yaradılmış bu cür imkanları müsbət hal kimi dəyərləndirib. Professor İsa Xəlilov qeyd edib ki, proqram çərçivəsində xaricdə təhsil alıb, yüksəkixtisaslı kadr kimi yetişməklə bərabər, Azərbaycan həqiqətlərinin mütəmadi surətdə avropalı gənclərə vaxtında və düzgün çatdırılması da təmin oluna bilər.

 

“Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Ramiz Əliyev “Erasmus+” proqramının fəaliyyət istiqamətləri, layihənin perspektivləri və AzTU tələbələrinin proqram çərçivəsində əldə edə biləcəyi imkanlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Avropa İttifaqı Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində Azərbaycan gəncləri üçün qeyri-formal təhsil imkanları (təlim kursları, mübadilə proqramları, qısa və uzunmüddətli könüllülük proqramları) haqqında məlumat sessiyaları təşkil edəcək.

 

Sonda tələbələrin sualları cavablandırılıb.