Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşüb.

 

AMEA-dan verilən məlumata görə, Sie Fucan iki ölkə arasında tarixən yaranmış əlaqələrin müasir dövrdə bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətlərində inkişaf etdiyini, birgə layihələrin icra olunduğunu deyib. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə iqtisadi sahədə deyil, humanitar, mədəniyyət, elm və təhsil istiqamətlərində də əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Hər iki ölkədən alimlərin qarşılıqlı səfərlərini, birgə tədbirlərin təşkilini əməkdaşlığın vacib məqamlarından biri kimi dəyərləndirib.

 

Görüşdə akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Rəhbərlik etdiyi akademiyanın Çinin elm və təhsil qurumları ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan akademik ötən müddətdə Çin Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Çin Mühəndislik Akademiyası, Pekin Universiteti, Pekin Beynəlxalq Riyazi Tədqiqatlar Mərkəzi ilə səmərəli əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb.

 

Qeyd olunub ki, AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi elmi əlaqələrin intensiv və səmərəli inkişafına yol açıb. Birgə layihələr çərçivəsində 2018-ci ildə Bakıda keçirilmiş Azərbaycan-Çin əməkdaşlığına dair tədbir ölkələrarası elmi əməkdaşlığın uğurlu nəticəsi kimi yadda qalıb. Bundan başqa, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2017-ci ildən fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi yenidən qurularaq mühüm elmi mərkəzə çevrilib. Bildirilib ki, hazırda mərkəzdə “Azərbaycan ədəbiyyatında Çin mövzusu” antologiyası hazırlanır. Həmçinin mərkəzdə Çin dili kursları təşkil olunur, birgə elmi konfranslar keçirilir.