Paytaxt məktəbliləri arasında keçirilən epistolyar  (məktub şəkilində yazı) inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Mükafatlandırılma mərsimində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdirləri, şagird, müəllim və valideynlər iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açıq elan edən “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev inşa müsabiqəsinin Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə 48 ildir təşkil olunduğunu deyib. Çıxışı zamanı qalib məktəbliləri təbrik edən baş direktor ənənəvi müsabiqənin əhəmiyyəti haqqında fikirlərini bildirib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Samirə Bektaşi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə bu cür müsabiqələrin keçirilməsinin vacibliyini qeyd edib. Qalib olan məktəblilərə uğurlar arzulayan sektor müdiri ölkəmizi beynəlxalq müsabiqələrdə təmsil edən şagirdlərimizin sayının ilbəil artdığını bildirib.

 

Qeyd edək ki, ölkəmizdə Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən epistolyar inşa müsabiqəsində iştirak üçün 20 min 722 inşa yazısı təhvil verilib. Ümumilikdə 20  nəfər qalib seçilib.

 

Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər üçün), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib. 

 

Hər mövzu üzrə 1 qalib olmaqla 1-ci  yer üzrə 2 nəfərin hər birinə 200 manat, hər mövzu üzrə 2 qalib olmaqla  2-ci yer üzrə 4 nəfərin hər birinə 150 manat, hər mövzu üzrə 3 qalib olmaqla 3-cü yer üzrə 6 nəfərin hər birinə 100 manat və hər mövzu üzrə 4 qalib olmaqla, həvəsləndirici  yerlər  üzrə 8 nəfərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və  hədiyyələr təqdim olunub.