Aysel Alızadə: “Sevgi uşaqlarla ünsiyyət qura bilməyin ən qısa yoludur”


Son illər ölkəmizdə təhsil sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər gənc nəslin təlim-tərbiyəsini özünün həyat amalı  sayan müqəddəs peşə sahibləri olan müəllimlərin  nüfuzunun yüksəlməsi  ilə müşayiət olunmadadır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəllimliyə etimad günü-gündən artmaqdadır.  Bu,  özünü həm ali məktəblərə qəbulda  müəllimliyi  seçənlərin sayının artmasında, həm də pedaqoji  kontingentin gəncləşməsində  göstərir. Təhsil ictimaiyyətində böyük rəğbətlə qarşılanan müəllimlərin  işə qəbulu imtahanı isə  onlarla istedadlı gəncin həyatını məktəblə bağlayıb.  Onlardan biri də gənc müəllim Aysel Alızadədir. 

 

 

Aysel Alızadə 1995-ci ildə  Şəmkir rayonunda anadan olub.  2001-2005-ci illərdə Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbdə  təhsil alıb.  Daha sonra ailəsilə birlikdə  Bakı şəhərinə  köçdüyündən  təhsilini  Xətai rayonundakı  64 nömrəli tam orta məktəbdə davam etdirib.  2012-ci ildə orta məktəbi bitirərək  Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi”  ixtisasına qəbul olunub.  2018-ci ildə müəllimlərin  işə qəbulu müsabiqəsində iştirak edərək  55 balla Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 

 

 

“Balaca uşaqlara dərs deyən müəllim”

 

 

- Müəllimliyə necə gəldiniz? Seçiminizdə müəyyən ənənə və ya öz istəyiniz əsas faktor oldu?

 

 

-  Hər uşağın özünü gələcəkdə görmək istədiyi bir obraz, mütləq ki, olur. Mənim xəyalını qurduğum obraz isə müəllimlik idi. Yadımdadır,  həyətdə  uşaqlarla oyun oynayanda  mən hər zaman o oyunda müəllim olurdum, özümdən balacaları yığıb uşaq ağılı ilə dərs keçirdim. Və məktəbə  getdikdən, ilk müəllimlərimlə görüşdükdən sonra  ibtidai sinifdə bu fikrim artıq qətiləşirdi. O zaman müəllimliyi ixtisaslara ayıra bilməyəcək yaşda olduğuma görə “Böyüdükdə kim olacaqsan” sualına hər zaman “Balaca uşaqlara dərs deyən müəllim” cavabını verirdim. Və o oyunlar və xəyallardan məqsədlərim yarandı. Mən indi o balaca Aysel üçün bir vaxt əlçatmaz gələn, xəyalını qurduğu ibtidai sinif müəllimiyəm.

 

 

Qorxularım var idi... birdən uşaqlar məni sevməsə?

 

 

- İlk dərsinizi necə xatırlayırsınız? Dərsinizin baş tutacağına əmin idinizmi?

 

- İlk pedaqoji fəaliyyətimə 2017-ci ildə Şəmkir rayon Zəyəm qəsəbəsindəki 1 nömrəli məktəbdə ərizə yazaraq sentyabrın 24-ü müddətli müqavilə ilə başlamışdım.  Qorxularım var idi. Mənə yad olan qəsəbə, tanımadığım insanlar, uzun zamandır uzaqlaşdığım rayon həyatı... Birdən uşaqlar məni sevməsə, dərsi idarə etməyi bacara bilməsəm kimi fikirlər ilə ilk dərs günü çox tez getmişdim məktəbə. Sadəcə bildiyim tək şey 4-cü siniflərə  dərs deyəcəyim idi. Və elə birinci mərtəbədə təsadüfən dərs deyəcəyim uşaqlarla qarşılaşdım, onlar da gələcək yeni müəllimlərinin yolunu gözləyirlərmiş.  Məni o qədər sevgi, doğma münasibət ilə  qarşıladılar ki, qorxularım elə həmin  anda yox oldu.  Sanki bir-birimizi illərlə  tanıyırmış kimi başladıq ilk dərsimizə. İlk dərs günü özümə söz vermişdim ki, nə olsa belə, mən öz vicdanımı itirməyəcəyəm və unutmayacağam ki, mən də  6-7 il  əvvəl onlar  kimi o partalarda əyləşən şagird idim. Məncə,  gənc müəllim olaraq pedaqoji fəaliyyətə  başlamaq gəncliyin bizə verdiyi özəllikdir. İlk gündən təkcə dərs dediyim sinfin deyil, digər şagirdlərin də diqqətini çəkib, sevgilərini qazana bilməyim buna əyani sübutdur.

 

-  Dərsdə elə anlar oldumu ki, sinifdə uşaqları ələ ala bilmədiniz və dediniz, “qurtardı, mən bir də məktəbə gəlməyəcəyəm!”. Belə bir hiss yaşadınızsa, sizi təkrar məktəbə qaytaran nə oldu?

 

- Düzünü desəm,  belə bir hiss heç vaxt yaşamadım. Yuxarıda qeyd etdiyim kimi, ilk günlərdə belə halların ola biləcəyindən qorxurdum. Ancaq sinif  otağına girdiyim ilk anda ona şahid oldum ki, doğrudan da, yaradılmışların içində dünyanın ən saf və təmizi uşaqlardır. Sevgi uşaqlarla ünsiyyət qura bilməyin ən qısa, ən təməl və ən güvənli yoludur. Onların şəxsiyyətinə hörmət etsəniz, heç vaxt hörmətsizlik görməyəcəksiniz. Mən də hər zaman belə etdim.

 

- Uşaqlarda dərsə marağı necə yarada bilirsiniz? Sizcə, uğurlu dərs nümunəsini necə yaratmaq olar?

 

- Müəllim olsam belə,  mən də sabahkı dərsimə 1 gün əvvəldən hazırlıq görürəm. İlk növbədə,  keçəcəyim dərsi necə maraqlı edəcəyimin yollarını axtarıram, bunun üçün kitablardan, internetdən istifadə edirəm. Dərs zamanı ən böyük məqsədim-şagirdlərimin dərsdən yorulmaması, əyləncəli bir şəkildə mövzunu mənimsəmələridir.  Fəal təlim üsullarından istifadə edirəm, tez-tez yarışlar keçirirəm. Yarışın qaliblərinə hədiyyələr təqdim, hər günün sonunda 3 şagirdi günün qalibi  elan edirəm. Və beləliklə, dərsimiz monotonluqdan çıxaraq əyləncəli hala gəlir.

 

 

“Uşaqlarda dəcəlliyi  yox etməyə çalışsaq düzgün şəxsiyyət yetişdirə bilmərik”

 

 

- Dərsinizdə dəcəllik edən uşaqlar varmı və onlarla necə dil tapırsınız?

 

-  Əlbəttə ki. Ancaq mən düşünürəm ki, uşaqlarda dəcəlliyi tamamilə yox etməyə çalışsaq heç vaxt düzgün şəxsiyyət yetişdirə bilmərik. Mənim üçün dəcəllik anlayışı başqadır. Dərs vaxtı səs salan şagirdi mən dəcəl adlandırmazdım, deməli, mən  dərsə yetərincə maraq yaratmamışam ki, səs salır. Əgər dəcəllik başqa birinə mənfi  təsir edərsə, oturub həmin dəcəl şagirdimi başa salıram ki, “bilirəm,  bunu istəyərək etmədin, ancaq gələn dəfə  daha diqqətli ol”. Həmin vaxt qışqırmaq onlarda yalnız qorxu, nifrət kimi hiss yarada biləcəyini düşünürəm.

 

 

- Bugünkü uşaqları necə xarakterizə edərdiniz?

 

 - Müasir dövrümüz internet əsridir və  bugünkü  uşaqların diqqətini çəkmək, onlarda maraq yaratmaq olduqca çətindir. Biz əgər hər hansı məlumatı böyüklərimizdən soruşurduqsa, bugünkü  uşaqlar internetdə axtararaq özləri tapır. Buna görə bizim üzərimizə böyük məsuliyyət düşür. Hər gün daha çox heyran qalıram müasir dövrün uşaqlarına. Nə  qədər qəribə səslənsə də,  bizim vaxtımızda belə  deyildi uşaqlar. Və ilk gündən şagirdlərimə hər zaman, ilk növbədə, fikirlərini deməkdə  sərbəst  olmalarını öyrətməyə çalışıram. Fikirlərini deməkdə  sərbəst olsalar,  hər zaman uğur qazanacaqlarını düşünürəm.

 

“”Müəllim oxumadığı gün ölür” fikrini çox sevirəm”

 

 

- Uğurlu müəllim kimdir və o, hansı keyfiyyətlərə malik olmalıdır? Özünüzü uğurlu müəllim hesab edirsinizmi?

 

 

- Uğurlu müəllim, ilk növbədə,  öz peşəsini sevən, öz işini vicdan ilə yerinə yetirən, şagirdləri ilə bəzən öz çərçivəsini dağıdaraq dost olmağı bacaran, dərsə girdiyi anda çıxmağı üçün vaxta baxmayan, həmin dərsin faydalı olması üçün nələr edəcəyinə baxan, vəzifəsinin yalnız  dərs deməklə  bitmədiyini dərk edən, yeri gələndə şagirdlərinin dərdini, problemini dinləməyi bacaran, onlarla gülüb-ağlamağı bacaran, mühakimə  etməzdən əvvəl dinləməyi bacaran, illər keçsə də unudulmayan şəxsiyyətdir. Və mənə görə şagirdlərini bir-birləri ilə müqayisə edən, etdikləri kiçik səhvlərə görə böyük cəzalarla onları cəzalandıran, vicdanını, şəxsiyyətini itirən biri heç vaxt uğurlu müəllim ola bilməz. Mən hal-hazırda özümü uğurlu müəllim hesab etmirəm, mən bu peşədə hələ yeni cücərməyə başlayıram. Bu yolda etdiklərim, edə  biləcəklərimin yanında çox kiçik qalır. Uğurlu olub-ola bilməyəcəyimi isə illər deyəcək.

 

- Sizcə, müəllimin nüfuzu hansı faktorlardan asılıdır?

 

- Müəllimin nüfuzunun, ilk növbədə,  onun özündən asılı olduğunu düşünürəm. “Müəllim oxumadığı gün ölür” fikrini çox sevirəm. Müəllim sinfə hakim olmağı bacarmalı, şagirdlərinə, ətrafına hörmət etməli və daim yenilik axtarışında olmalıdır.  Ən əsası isə  hər kəsə sevgi ilə yanaşmalıdır. Əks halda,  müəllim özünü hörmətdən salır və nəticədə  müəllim nüfuzunun itirildiyini görürük.  Müəllim nüfuzunu özü itirməyə başlasa, onu heç kəs qaldıra bilməz.  Ancaq son zamanlarda sosial şəbəkələrdə müəllim adına xələl  gətirməyə çalışan qüvvələr görürük.  Baş verən xoşagəlməz bir hadisə müəllim hüquqlarının tapdalanmasına, müəllimin hörmətdən düşməsinə gətirib çıxarır.  Dərsdən sonra baş verən hadisələrə  görə də müəllimlər günahkar hesab edilir.  Unutmayaq ki, təhsil yaxşı müəllimlə yox, yaxşı ana və ata ilə başlayır.  Hər  mənfi halların səbəbini müəllimdə görmək də düzgün olmaz.  Buna görə, düşünürəm ki, müəllimin nüfuzunun qorunmasında bütün cəmiyyətin üzərinə müəyyən qədər məsuliyyət düşür.

 

“Biliyə verilən qiyməti görürdüm”

 

 

- Təhsil Nazirliyi MİQ imtahanlarını keçirir. Siz bu imtahanların əhəmiyyətini gənc müəllimlər üçün necə qiymətləndirirsiniz?

 

- Yuxarıda qeyd etdiyim  uşaqlıq arzumu - müəllim olmaq istəyimi ətrafımda olan bəzi  insanlar öldürməyə çalışırdı. Universitet vaxtı mənə  deyirdilər ki, onsuz da işə qəbul olmaq mümkün deyil, biliyə qiymət verilmir, bax,  biz neçə ildir ali məktəbi  bitirmişik və işsizik. Ancaq bu fikirlər məni ruhdan salmadı. Çünki mən universitet vaxtı da təhsil sistemimizin nə qədər şəffaf olduğunu, biliyə verilən qiyməti görürdüm. 2017-ci ildə  MİQ-də 46 bal yığmışdım.  2018-ci ildə isə 55 bal yığaraq məqsədimə çatdım və  ətrafımdakı o mənfi fikirləri məhv etdim. Hal-hazırda ətrafımda 40 yaşı olan, müəllimliyi bitirən insanlar var ki, imtahana hazırlaşırlar. Və  hər biri məndən stimul aldıqlarını söyləyirlər. Bu isə, düşünürəm ki, MİQ imtahanının necə şəffaf keçirildiyinə bir nümunədir.

 

İmtahana hazırlaşanlara demək istəyərdim ki, ətrafınızı dinləməyin, mükəmməl hazırlaşın, keçidi keçmək üçün yox, yüksək bal yığmaq üçün çalışın və nəticəsini görəcəksiniz.

 

 

“Ucqar kəndlərdə bizə daha çox ehtiyac var”

 

 

- “Şəhərdə işləyən” və yaxud “rayonda işləyən” müəllim. Siz bu cür yanaşmalara necə baxırsınız?

 

- Hər iki mühitdə  yaşayan və gedib-gələn insan kimi deyərdim ki, 10 il əvvələ baxanda indi o fərq xeyli azalıb. Artıq rayonlarda işləməyə  Bakıdan yetərincə gənc müəllimlər gəlir. Mən şəmkirli olsam belə, ailəm yaşam həyatlarını Bakıda qurmuşdu. Və mənim rayona qayıtmağımı ailəmizin müəyyən hissəsi  Bakıda qaldığı üçün dəstəkləmədi. Və mən onları razı salmağı  bacardım. Mən hər zaman düşünürəm ki, yüksək bal yığan müəllimlərin böyük hissəsi şəhəri  seçir. Ucqar kəndlərdə  isə bizə daha çox ehtiyac var. Gəlib kəndlərdə  saf uşaqları görsələr, düşünürəm ki, burdan getmək istəməz heç kəs. “Şəhərdə işləyən” və  “kənddə işləyən”  müəllim müqayisəsini isə  heç sevmirəm. Əvvəllər  bəlkə də, karyerada irəli getmək, inkişaf etmək üçün şəhərdə yaşamaq, işləmək mütləq idi.  İndi rayonlarda gənclərin inkişafı üçün o qədər gözəl şərait yaradıblar ki, bacarığı olan hər kəs irəli gedə bilər. Mən Şəmkiri misal çəkmək istəyərdim - burada yüksək  bal ilə  işləməyə gələn müəllimlər hər zaman  diqqət mərkəzindədir. Yəni düşünürəm ki, yaxşı müəllim olmaq üçün yer önəmli deyil, bilik və bacarıq önəmlidir.

 

- Bir gənc müəllim kimi təhsil sistemimizdə baş verən dəyişikliklərə münasibətiniz?

 

- Bir gənc müəllim olaraq hər zaman təhsil sahəsində aparılan islahatları, baş verən dəyişiklikləri mütəmadi izləyirəm. Və belə  deyərdim ki, təhsil sahəsində  baş verən yeniliklər ölkəmizin,  təhsilimizin inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Yaxın keçmişə nəzər salsaq görərik ki, əvvəllər kənd təhsili və şəhər təhsili  arasında böyük fərq var idi. İndi bu fərqin aradan qalxdığını düşünürəm. Ən böyük inkişafı isə müasir dövrün uşaqlarına baxanda görmək mümkündür. Bugünkü uşaqlar hərtərəfli inkişaf edir və onların dünyagörüşü artır.  Hər il 700 bal yığan abituriyentlərimizin, dünyanın nüfuzlu universitetlərinin təqaüdünü  qazanan gənclərimizin sayının artması, beynəlxalq olimpiadalarda şagirdlərimizin əldə etdikləri medallar bir daha sübut edir ki, Azərbaycan təhsili günü-gündən inkişaf etməkdədir. Bunu deyilən sözlər, verilən vədlər deyil, görülən işlər, qazanılan uğurlar göstərir. Əlbəttə, həyatda hər şey 100% nəticə verəcək, yaxşı olacaq və hər kəs bəyənəcək deyə bir qayda yoxdur. Önəmli olan gözəllikləri, inkişafı görə bilmək və təhsilimizi dünyanın ən qabaqcıl ölkələrinin təhsil səviyyəsinə qaldırmaq üçün çalışmaqdır.

 

 

“Müəllim adına layiq olmaq üçün daha çox çalışıram” 

 

 

-  Müəllimlik sizə nə verdi? Sizi fəaliyyətinizdə motivasiya edən nədir?

 

-  Mən iş həyatıma başladığım ilk gündən müəllimə necə dəyər verildiyini, müəllimin necə əziz tutulduğunu,  ilk növbədə, ətrafımda gördüm. Nəsə öyrənmək üçün mənə baxan gözləri, kiçik hədiyyələrə sevinən uşaqları görəndə bir daha “Yaxşı ki, müəlliməm”  deyirəm. İlk gündən məktəb rəhbərliyi, kollektiv məni hər iki məktəbdə çox yaxşı qarşıladı. Və öz işini düzgün quran rəhbərlə, qayda-qanunun hökm sürdüyü məktəbdə işləmək mənim üçün ən yaxşı motivasiyadır. Fevralın 1 -də  Gənclər Günü  münasibətilə  nazirimiz Ceyhun Bayramovun  gənc  müəllimlərlə görüşünə  dəvət almağım isə mənim üçün ən böyük stimul oldu.  O görüşdə  bir-birindən dəyərli həmkarlarımı tanıdım. Təhsil naziri Ceyhun Bayramovun gənc müəllimlərə göstərdiyi qayğının, diqqətin şahidi oldum. Bu isə mənə sözlə ifadə edə bilməyəcəyim qədər  böyük motivasiya verdi. O görüşdən sonra müəllimlik adına layiq olmaq üçün daha çox çalışıram. Və hər gün Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində bir müəllim kimi öz şəklimi  görəndə daha da ruhlanıram.

 

 

Oruc MUSTAFAYEV