Rumıniyanın paytaxtı Buxarest şəhərində mayın 24-dən 26-dək keçirilmiş 10-cu Şotokan Dünya Çempionatında Gəncə Dövlət Universitetinin (GDU) Pedaqoji fakültəsinin 4-cü kurs tələbəsi Cəlal Əliyev də iştirak edib. Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi, Avropa ikincisi olan idmançı bu dəfə karate-do idman növü üzrə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

 

Bu münasibətlə  GDU-nun  rektoru, professor Yusif Yusibov idmançını təbrik edib. Bildirilib ki, GDU-da idmanın inkişafına diqqət göstərilib və əlverişli şərait yaradılıb. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın idman şərəfinin qorunmasında universitetin tələbələri bir sıra uğurlara imza atıb.

 

Vaxtilə universitetin tələbələri olmuş bir çox Avropa və Dünya çempionları kimi Cəlal Əliyevin də daha böyük uğurlara imza atacağına inamını ifadə edən rektor idmançıya ölkəmizdə idmanın inkişafına naminə gələcək karyerasında müvəffəqiyyət arzulayıb.

 

Sonda rektor Fəxri fərmanı və pul mükafatını idmançıya təqdim edib.