Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) yaradılmasının 95–ci ildönümünə və yeni binasının istifadəyə verilməsinin 5 illiyinə həsr olunan tədbir keçirilib. Tədbir MEK-in akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında təşkil edilib.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə MEK-in respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik ən iri, universal təmayüllü, aparıcı elmi kitabxana olduğunu qeyd edib. O bildirib ki, zəngin tarixə malik elm və mədəniyyət ocağı AMEA sistemində bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir.

 

Akademik çıxışında Prezident İlham Əliyevin Sərəncamına əsasən Mərkəzi Elmi Kitabxananın yeni binasının 2011-ci ilin noyabrında təməlinin qoyulduğunu xatırladıb. Zəngin tarixə malik elm və mədəniyyət ocağı olan Mərkəzi Elmi Kitabxananın 5 ildir müasir tərtibatda fəaliyyət göstərdiyini deyib.

 

Müasir kitabxananın ötən müddət ərzində səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik Akif Əlizadə kitabxanaya dövlət qayğısından da danışıb, beynəlxalq təşkilatların kitabxana ilə əməkdaşlıq əlaqələri qurmağa maraqlı olduğunu bildirib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından danışıb. O, 95 yaşlı Mərkəzi Elmi Kitabxananın müasir dövrə qədər keçdiyi tarixi yoldan bəhs edib. Akademik İsa Həbibbəyli MEK-i dünyanın aparıcı kitabxanaları ilə müqayisə edib. MDB ölkələrində MEK-in ən müasir kitabxana olduğunu söyləyib. Bildirib ki, Mərkəzi Elmi Kitabxana akademik elmi təbliğ etməklə yanaşı, həm də ideoloji mərkəzdir, milli maraqlara xidmət edir, burada dövlət əhəmiyyətli tədbirlər keçirilir.

 

MEK-in direktoru Leyla İmanova ötən 5 il ərzində görülən işlərdən danışıb. Bildirib ki, MEK üçün bu illərin məramı kitabxananı akademik icmanın informasiya mərkəzinə çevirmək olub. “MEK öz fəaliyyətini piramida formatında qurdu. İlk olaraq klassik kitabxana möhkəmləndirildi, fondlar və sənədləşmə nizamlandı, oxucuların sayı bütün ötən illərin kumulyativ sayını – 5500-ü ötdü, 1,5 milyon sənəddən ibarət fondda nadir kitabların sayı 17 minə, İxtisas fondu 14 minə, kolleksiyaların sayı 60-a çatdırıldı. Növbəti mərhələdə müasir standartlara cavab verən elektron xidmətlər, elektron kataloq, e-baza tətbiq edildi, MARC 21 formatlı rəqəmsal bazada sənədlərin sayı 16 mini keçdi. Piramidanın zirvəsində isə MEK-in “ilk”ləri kimi imza atdığı “Milli Rəqəmsal Yaddaş”, “Vahid İdarəetmə Sistemi” və “İnformasiyanın kontent təhlükəsizliyi” adlı yeni təşəbbüslər və layihələr yer tutdu. Nəticədə Azərbaycanca “Vikipediya” 61-ci pillədən 49-a irəlilədi, məqalələrin sayı 150 minə, elmiləşmiş MRY bazasında isə sənədlər 16 minə çatdı”,- deyə direktor qeyd edib.

 

Leyla İmanova diqqətə çatdırıb ki, müasir dövrün tələblərinə cavab vermək istəyən kitabxana qlobal kitabxanalar sisteminə inteqrasiya etmək imkanına malik olmalıdır. O, yeni sistemə inteqrasiya olunmaq, oxucuları informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan informasiya texnologiyalarının mənimsənilməsi istiqamətində kitabxananın apardığı işləri diqqətə çatdırıb.

 

MEK rəhbəri kitabxananın 2014-cü ildə növbəti 5 il üçün müəyyənləşdirdiyi strateji hədəflərindən də söz açıb. Bildirib ki, kitabxana fəaliyyətini və hesabatını kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə yönəldib. Direktor 2019-cu ildə MEK-də keçirilən xarici ekspertizanı vurğulayaraq, kitabxananın fəaliyyətinin beynəlxalq meyarlara cavab verdiyini, bəzi layihələrinə isə dünyanın heç bir kitabxanasında rast gəlinmədiyini diqqətə çatdırıb. Leyla İmanova kitabxananın təkcə ölkəmizdə deyil, xaricdə də tanındığını, hazırladığı e-kataloqun UNESCO-nun, “Vikipediya”nın işlək modelinin IFLA-nın, hazırladığı rəqəmsal bazaların xarici kitabxanaların ehtiyaclarını qarşıladığını bildirib. O, ölkəmizdə kitabxana-informasiya sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün elektron kataloqlaşdırmanın MARC 21 formatı əsasında qurulmasını və hazırlanan idarəetmə proqramlarının digər standartlara da cavab verdiyini vurğulayıb.

 

Tədbirdə MEK-in fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Videohesabatda MEK-in qısa müddət ərzində yeni binaya köçürülməsindən, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları və xarici ölkələrin nümayəndələrinə açıq olan, iki növbədə çalışan kitabxananın fəaliyyətindən, geniş elmi elektron bazalara çıxışın təmin edilməsindən, MEK fondlarından, müxtəlif kolleksiyalardan, fondların ictimaiyyətə müntəzəm açıqlanmasından, Azərbaycan Mətbuat Şurası başda olmaqla ölkənin aparıcı mətbu orqanları, eləcə də digər təşkilatlarla əməkdaşlıqdan, yerli və beynəlxalq miqyaslı tədbirlərdən bəhs olunub.

 

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, akademik Yusif Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Əməkdar elm xadimi, professor Tofiq Mustafazadə, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov müasir avadanlıqlarla tam təchiz olunmuş, yeni standartların tələblərinə cavab verən kitabxananın fəaliyyətinin Azərbaycan elmi ictimaiyyəti üçün əhəmiyyətindən bəhs ediblər.

 

Sonda MEK-in əməkdaşları fəxri fərmanlarla təltif olunub.