Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfransın qalibləri mükafatlandırılıb.

 

Paytaxtdakı 12 nömrəli tam orta məktəbdə keçirilən mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və müəllimlər iştirak edib.

 

Tədbirdə ilk olaraq müsabiqə-konfrans barədə ümumi məlumat verilib. Bildirilib ki, müsabiqə-konfrans BŞTİ tərəfindən ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə təşkil edilib. Müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə-3 mərhələdə keçirilib.

 

Müsabiqə-konfransda ümumilikdə 224 pedaqoji işçi iştirak edib. Onlardan 35-i  Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. Münsiflər heyətinin qərarına əsasən, 6 ən yaxşı tədqiqat müəllifi qalib elan olunub.

 

BŞTİ-nin müdiri Rəşad Tağıyev “Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” adlı müsabiqə-konfransın Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirildiyini qeyd edib. İdarə müdiri “Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” mövzusunda təşkil olunan müsabiqə-konfransın əsas məqsədinin uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdən ibarət olduğunu bildirib.

 

R.Tağıyev son illər təhsil sistemində həyata keçirilən köklü islahatların, müasir təhsil standartlarının tətbiqinin, keyfiyyətin artırılmasının prioritet istiqamətlərdən biri kimi qəbul olunmasının, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi yönündə görülən işlərin Azərbaycan təhsilinin inkişaf üfüqlərini daha da genişləndirdiyini söyləyib. İdarə müdiri təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, müasir təhsil sisteminin qurulması və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib.

 

Sonda müsabiqə-konfransın Bakı şəhər mərhələsinin iştirakçılarına tərifnamələr, I, II və III yerlərin qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub.