Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologoyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva 4-7 iyun 2019 tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Bioetika komitəsinin 15-ci iclasında iştirak edib.

 

Tədbir Fransa Nazirlər Komitəsinin Prezidentinin himayəsi altında Avropa Şurasının Bioetika Komitəsi (DH-BIO) tərəfindən təşkil edilən “Yeni texnologiyaların idarə olunması üçün ictimai debatlar”a həsr olunmuş seminarla başlanıb. Bioetika Komitəsinin İşçi qrupunun Biotibbdə ictimai debat üçün hazırladığı təlimat müzakirə edilib, ölkə nümayəndələri öz şərhlərini bildiriblər.

 

İclasın gündəliyində duran əsas məsələlər insan genomunu redaktə texnologiyaları ilə bağlı meydana çıxan etik və hüquqi məsələlər, gender bərabərliyi, sperm və oositlərin anonim bağışlanması, valideynlərin, donorların və uşaqların hüquqlarının balanslaşdırılması olub.

 

İclas zamanı işçi qrup tərəfindən 2020-2021-ci illər üçün Strateji Fəaliyyət Planı müzakirə edilib, əsas priotet istiqamətlər müəyyən edilib.

 

Sonda Oviedo Konvensiyasının 29-cu maddəsi ilə əlaqədar şərhlərini bildirmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlamaq təklif olunub.  Oviedo Konvensiyasına üzv olan dövlətlərin nümayəndələri tərəfindən təklifə münasibət bildirilib və yekunda AİHM-ə müraciət etmək qərarı verilib.