Naxçıvan Dövlət Universitetində (NDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir Azərbaycanın şanlı tarixi” mövzusunda tədbir keçirilib.

 

Öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda ümummilli liderin əziz xatirəsinə həsr edilmiş sərgiyə baxış olub. Rəngkarlıq, qrafika, dekorativ tətbiqi sənət nümunələrinin əks olunduğu sərgidə 30-dan çox əsər nümayiş olunub.

 

Fakültənin akt zalında davam edən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas olunması, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının sıradan çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdıran rektor, 1997-ci ildən qeyd edilən bu bayram münasibətilə universitetin müəllim, tələbə kollektivini təbrik edib.

 

NDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdulayev “Böyük missiyanı gerçəkləşdirən siyasi düha” adlı çıxışında bildirib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu qoruyub saxlamaq vacib şərtdir. Vurğulanıb ki, ölkədə sabitliyə məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra nail olunub.

 

Tələbələrin bədii qiraəti dinlənildikdən sonra “Milli qurtuluşdan intibaha” adlı film nümayiş olunub.

 

Sonra tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.