Bakı Ali Neft Məktəbi (BANM) ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim edib.

 

BANM-in rektoru Elmar Qasımov bildirdi ki, hazırlanmış Dayanıqlı İnkişaf Hesabatının əsas məqsədi Ali Məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf bir şəkildə ictimaiyyətə açıqlamaqdır. Rektor qeyd edib ki, hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrasiya olunması, Ali Məktəbin Dayanıqlı İnkişafa qarşı yanaşması əks olunub. Sənəddə təhsil, tədqiqat, təşkilati və əməliyyat sahələrində BANM-in dayanıqlı inkişafı da yer alıb. Ali Məktəbin dayanıqlı inkişafa olan yanaşması mərkəzləşdirilmiş və məqsədyönlü şəkildə həyata keçirilib və bu prosesdə yalnız BANM-in tələbələri və əməkdaşları deyil, həmçinin Ali Məktəbin partnyorluq və əməkdaşlıq etdiyi qurumların iştirakı da təşviq edilib.

 

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, BANM Prezident cənab İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını artıq yeddi ildir ki, praktiki formada uğurla həyata keçirir. Ali Məktəbin rəhbərliyi və kollektivinin öz üzərində davamlı işləməyinin nəticəsidir ki, beynəlxalq aləmin tələb etdiyi Dayanıqlı İnkişaf Hesabatını ilk hazırlayan və ictimaiyyətə təqdim edən təhsil müəssisəsidir.

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov isə BANM-in təqdim etdiyi hesabatın Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə verilmiş bir töhfə olduğunu bildirib.

 

EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova xüsusilə təhsil müəssisələrinin dayanıqlı inkişaf anlayışına dəyər kimi yanaşmağın və bunu gələcəyin mütəxəssislərinə tələbə ikən aşılamağın vacib olduğunu qeyd edib.

 

Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova hesabatın dolğunluğunu və məzmununu yüksək qiymətləndirib.

 

Sonda BANM-in proqram meneceri Nərgiz Tarverdiyeva Ali Məktəbin Dayanıqlı İnkişaf strategiyası haqqında hazırlanmış qısa təqdimatla çıxış edərək hesabatda yer almış təhsil, ekoloji təsir, imkanlar və çıxışlar, məsuliyyətlilik və şəffaflıq, maddi imkanlar, partnyorlar və cəmiyyət, sağlamlıq, rifah və təhlükəsizlik, iş yeri, yenilik və tədqiqat kimi dayanıqlı inkişaf mövzularından bəhs edib.

 

Ali Məktəbin Dayanıqlı İnkişaf Hesabatı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə “EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub. Bu hesabat Ali Məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutudur. Ali Məktəb bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəliyinə götürüb və digər müəssisələri də Dayanıqlı İnkişaf üzrə Hesabat hazırlamağa çağırır.