Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Rektor Ədalət Muradov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Bu isə təhsil prosesini real iqtisadiyyatn tələblərinə uyğunlaşdırılmağı tələb edir. Rektor bu istiqamətdə UNEC-də həyata keçirilən yenililklərdən söz açıb.

 

Universitetin bir çox nüfuzlu şirkət və holdinqlərlə əməkdaşlıq etdiyini deyən Ə.Muradov “ASK” ASC ilə əməkdaşlığın mühüm məqamlarını da diqqətə çatdırıb.

 

Korporasiyanın baş direktoru Kamran Nəbizadə isə qeyd edib ki, “ASK” ASC-in qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı  genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir.  İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır.  Korporasiyanın baş direktoru  onu da bildirib ki, Memorandumun uğuru  bu anlaşmanın ikitərəfli şəkildə fəal icrasından asılıdır.

 

Sonda rektor Ədalət Muradov və “ASK” ASC-nin sədri əməkdaşlıq memorandumu imzalayıb.

 

Sənədə əsasən, UNEC tələbələri “ASK” ASC və onun törəmə müəssisələrində təcrübə keçəcəklər, tələbələrin biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərinə, startap fəaliyyətinə, onların praktiki tətbiqinə dəstək göstəriləcək. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə birgə tədqiqatlar aparılacaq, beynəlxalq təşkilatların və fondların qrant layihələrində birgə iştirak ediləcək,   proqramlar həyata keçiriləcək. Eyni zamanda, “ASK” ASC-nin mütəxəssisləri tələbələrin bakalavr buraxılış və magistrlik dissertasiyası işlərinə rəhbər, müxtəlif mövzular üzrə mühazirəçi qismində cəlb olunacaq.