AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr şöbəsi akademiyanın institutları üçün “EBSCOHOST Platformasında İnteraktiv Axtarış” mövzusunda təlimlər keçirir.

 

Təlimdə İnnovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova EBSCO bazasının üstün cəhətlərindən, bazadan istifadə qaydalarından, termin və məqalələrin istinad göstəriciləri üzrə axtarış üsullarından və məqalələrin xarici jurnallarda dərc edilməsi üçün doğru nəşriyyatların seçilməsi metodundan danışıb. ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun qısa tarixindən söz açan C.Yusifova təşkilatın aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisi olduğunu söyləyib.

 

Tədbirdə 20-yə yaxın istiqaməti özündə birləşdirən EBSCO məlumat bazasının təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim etdiyi bildirilib.

 

Qeyd edək ki, iyun ayı ərzində Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya, Neft-Kimya Prosesləri, Biofizika və Akademik A.Qarayev adına Fiziologiya institutlarında, eləcə də Respublika Seysmoloji Xidmət Mərkəzində təlimlər keçirilib.

 

Gənc alim və mütəxəssislərin dünya elmi ədəbiyyatına daha geniş çıxışlarının təşkil edilməsi məqsədi daşıyan məlumatlandırma və təlim tədbirlərinin AMEA-nın bütün elmi müəssisələrində keçirilməsi nəzərdə tutulur.