İyunun 24-də  Sumqayıt Dövlət Universitetinin (SDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, KİV nümayəndələri və valideynlərin  iştirakı ilə 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına dair növbəti “Açıq qapı” günü keçirilib.

 

Müşahidəçilərlə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov görüşüb və onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, eləcə də imtahanlar barədə məlumat verib.  O bildirib ki, imtahanların şəffaf  keçirilməsi üçün universitetdə bütün lazımi şərait yaradılıb.

 

Təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. SDU-da semestr imtahanları yazılı şəkildə və mərkəzləşdirilmiş qaydada reallaşır. Universitetdə Operativ qərargah və “Qaynar xətt” fəaliyyət göstərir. Tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Bundan başqa, qiymətlərindən narazı olan tələbələr Apelyasiya komissiyasına ərizə ilə müraciət edə bilirlər.

 

Müşahidəçilər auditoriyalarda imtahanların gedişini, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini izləyiblər. Burada  imtahanların yüksək səviyyədə təşkil olunduğu, lazımi şəraitin yaradıldığı ifadə edilib.

 

Sonra bakalavr və magistratura pillərində yekun Dövlət Attestasiyasının gedişi müşahidə olunub. Obyektivliyi və aşkarlığı təmin etmək məqsədilə tələbə və magistrantların müdafiəsi və dövlət imtahanları  ictimaiyyətə açıq keçirilib. Hər bir iddiaçı elmi müzakirə şəraitində verilən sualları cavablandırıb. Komissiyanın ümumi rəyi əsasında təqdim olunan dissertasiyalar müsbət qiymətləndirilib.