Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) “Beşyaşlı uşaqların təhsilə hazırlanması işinin səmərəli təşkili yolları” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Konfransda NMİ-nin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları və 2019-2020-ci tədris ilində beşyaşlılara dərs deməsi nəzərdə tutulan bir qrup müəllim iştirak edib.

 

NMİ-nin İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə institutun əməkdaşlığı və ixtisasartırma kursunun mahiyyəti haqqında məlumat verib.

 

Sonra NMİ-nin kurikulum kabinəsinin müdiri Ruhəngiz Əliyeva “Məktəbəqədər təhsilin kurikulumunda interaktivlik” mövzusunda çıxış edərək məktəbəqədər təhsil proqramının xarakterik xüsusiyyətlərindən danışıb.

 

Elmi-praktik konfransda, həmçinin NMİ-nin metodisti, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva “Beşyaşlı uşaqların fiziologiyası, psixologiyası və öyrənmə xüsusiyyətləri”, Naxçıvan şəhər 10 saylı orta məktəbin  müəllimi İradə Quliyevan“Məktəbəqədər təhsilin əhəmiyyəti” mövzusunda çıxışlar ediblər. Qeyd olunub ki, beşyaşlıların təlimi təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründə intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir.  

 

Sonda cari ilin mart ayında ixtisasartırma kursundan keçmiş 25 nəfər ibtidai sinif müəlliminə sertifikatlar təqdim olunub.