Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə iyunun 28-də Bakıda sayca IX “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçirilib. İyirmiyə yaxın xarici ölkədən 50-yə yaxın nümayəndənin qatıldığı Forumda ümumilikdə 150-dən çox şəxs iştirak edib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov sığorta sektorunda nəzərə çarpan inkişaf və perspektivlər, müşahidə olunan trendlər, tətbiq edilən yeni mexanizmlər, sığorta bazarının şəffaflaşdırılması və sektoral nəzarətin gücləndirilməsi, həmçinin sığorta bazarına inam və etimadın yüksəldilməsi ilə bağlı görülən işlər barəsində məlumat verib.

 

İbrahim Alışov bildirib ki, sığorta sektorunun inkişaf etdirilməsi və sektora nəzarətin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın qəbul edilməsi bunun bariz nümunəsidir. “Hazırda sığorta sektorunun aktivləri maliyyə sektorunun aktivlərində 3,1 faiz paya malikdir. Maliyyə Bazarlarına Nəzarət Palatası yarandığı gündən sığortaçıların cəmi aktivləri 64 faiz artaraq 1,4 milyard manata çatıb. 2018-ci ilin sonunda sığorta bazarının qeyri-neft sektorunda payı 1,9 faiz, maliyyə sektorunda payı isə 2,9 faiz təşkil edib”, - deyə İbrahim  Alışov diqqətə çatdırıb.

 

Son dövrlər sığorta bazarında böyük nailiyyətlər əldə olunduğunu deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, sığorta bazarı iqtisadi və sosial inkişafın bütün seqmentləri ilə əlaqədardır. Azərbaycanda son illər atılan addımlar öz müsbət nəticələrini verir. Bu cür forumların keçirilməsi dünya təcrübəsini öyrənmək üçün çox əhəmiyyətlidir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, ötən il sığorta şirkətləri tərəfindən 728 milyon manatlıq sığorta haqları toplanıb ki, bu, hələ Azərbaycanın ÜDM-in 1 faizinə çatmır. 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunması nəticəsində ilk dəfə olaraq sığorta haqlarının həcmi ÜDM-in 1 faizini ötəcək və ilk dəfə ölkə tarixində sığorta haqları 1 milyard manatdan çox olacaq. Strateji Yol xəritələri çərçivəsində sığorta bazarı ilə bağlı xüsusi tapşırıqlar müəyyənləşdirilib. Bunlardan ən vacibi sığorta şirkətlərinin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, yeni sığorta məhsullarının, texnologiyalarının tətbiqi ilə bağlıdır.

 

Təhsil nazirinin müavini İdris İsayev deyib ki, ümumtəhsil müəssisələrində sığorta ilə bağlı fənn tədris edilməsə də, “Həyat bilgisi” dərsliyində sığortaya dair mövzular daxil edilib. 4-cü və 8-ci siniflərin “Həyat bilgisi” dərsliyində sığortaya dair məlumatlar yer alıb. Peşə məktəblərində sığorta sahəsi üzrə peşəkar kadrlar hazırlanır. Peşə təhsili pilləsində sığorta agenti ixtisası üzrə hər il təxminən 80 tələbə qəbul olunur. Orta ixtisas təhsili pilləsi üzrə isə hər il sığorta işinin təşkili ixtisası üzrə 200-ə yaxın qəbul planı həyata keçirilir. Ali təhsilin magistratura pilləsində 16 tələbə sığorta işinin təşkili üzrə, 30 tələbə isə sığorta idarəetməsi ixtisası üzrə təhsil alır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, ölkəmiz dövlət xidmətləri sahəsində çox böyük inkişaf yolu keçib. 2012-ci ildə “ASAN xidmət”in yaradılması ölkəmizdə dövlət xidmətləri sahəsində yeni standartların və yeni brendin formalaşmasına gətirib çıxarıb. Ölkəmizdə sığorta işinin təşkili sahəsində mühüm işlər görülür.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, hazırda ölkə əhalisinin 47,2 faizi kənd yerlərində, məşğul əhalinin 36,1 faizi kənd təsərrüfatında işləyir. Kənd əhalisinin 80-90 faizi kənd təsərrüfatı ilə məşğuldur. Sığorta şirkətlərini kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə xüsusi məhsullar hazırlamağa dəvət edirik. Eyni zamanda, istərdik ki, sığorta şirkətləri vətəndaşlar arasında təbliğat aparsınlar, sığorta savadlılığının artırılması istiqamətində maarifləndirici tədbirlər keçirsinlər.

 

Forum çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandum imzalanıb. Anlaşma memorandumu bu qurumların iştirakı ilə ölkədə sığorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyəti qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılmış Hadisələrin İdarəedilməsi Sistemi və CLIP layihələri barəsində təqdimat baş tutub. Bildirilib ki, Hadisələrin İdarəedilməsi Sistemi sığorta tənzimlənməsi zamanı istehlakçıların işlərinin rahatlaşdırılmasına, səlahiyyətli dövlət orqanlarından alınan sənədlərin, xüsusilə Forma 4-ün elektronlaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, “Bonus-Malus” sisteminin effektivliyinin artırılmasına xidmət edəcək. Hadisələrin İdarəedilməsi Sistemi çərçivəsində yaradılan mobil tətbiq isə sığorta tənzimləmələrinin sürətli şəkildə həyata keçirilməsinə və həm sığortaçının, həm də dövlət orqanının dərhal məlumatlandırılmasına şərait yaradacaq. Əlavə olaraq, CLIP layihəsi çərçivəsində İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi ilə məlumat mübadiləsinin tamamlanması reallaşıb. Bu layihənin reallaşması ilə “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə müqavilələrin elektron şəkildə bağlanması mümkün olacaq.

 

Forum plenar sessiyalarla işini davam etdirib.

 

 

AZƏRTAC