İyulun 5-də Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyası ilə bağlı növbəti mediatur keçirilib.

 

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla imtahan sessiyasının nəticəsi barədə məlumat verib. O, apelyasiyaya müraciət edən tələbələrin sayında azalmanın müşahidə olunduğu diqqətə çatdırıb.  Rektor  imtahanla əlaqədar statistika barədə də qonaqları məlumatlandırıb.

 

İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan akademik imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması və hər bir imtahan otağında lüğət və proqramın qoyulduğunu sözlərinə əlavə edib. Rektor imtahanları tədris prosesinin davamı və komponenti kimi dəyərləndirib.

 

Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev ali məktəblərdə diskusiyaların böyük əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, imtahanlar nə qədər şəffaf və obyektiv keçirilirsə, birmənalı şəkildə tədris prosesinə də öz müsbət təsirini göstərir. Təhsil eksperti mətbuatda ADU haqqında neqativ halların çox az eşidildiyini vurğulayıb və bunu ADU-da son dövrlərdə aparılan islahatların müsbət nəticəsi kimi dəyərləndirib.

 

ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetdə Keyfiyyətin təminatı və karyera mərkəzinin fəaliyyətindən söz açıb.

 

Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Sevinc Zeynalova ADU-nun Dil və tərcümə xidmətləri mərkəzinin fəaliyyətinə toxunub, yenicə başa çatmış PETRA və NİZAMİ layihələrində ADU-nun çox fəal iştirak etdiyini bildirib.

 

Görüşdə məzunların əmək bazarının tələblərinə cavab verməsi ilə bağlı fikir mübadiləsi aparılıb və dillərin tədrisi ilə bağlı bir sıra təkliflər səsləndirilib.

 

Qeyd edək ki, ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını  mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı yaradılıb

 

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və i[email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.