Bakı Ali Neft Məktəbində (BANM) “Cisco” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və perspektivlərinin müzakirəsi olub.

 

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib.

 

Rektor gələcəkdə BANM-də “Cisco” Şəbəkə Akademiyasının və təlim mərkəzinin açılmasının proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb.

 

“Cisco” şirkətinin Azərbaycanda İnnovasiya üzrə direktoru Ramil Eyyubov bildirib ki, şirkətin əsas istiqamətlərindən biri təhsil sahəsidir və şirkət BANM ilə əməkdaşlıq qurmağa maraqlıdır.

 

O qeyd edib ki, gələcəkdə bu əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələri avtomatika sahəsində peşəkar təlimçi kimi yetişdirə bilər.

 

Görüşdə, həmçinin gənclərin innovasiya sahəsindəki startap ideyalarının dəstəklənməsi, zəruri laboratoriyaların qurulması, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik kimi məsələlər də müzakirə olunub.

 

Daha sonra şirkət nümayəndələri Ali Məktəbin kampusu və yaradılmış şəraitlə yaxından tanış olublar.

 

Qeyd edək ki, şəbəkə texnologiyaları üzrə qlobal brendlərdən sayılan “Cisco” şirkəti 1984-cü ildən fəaliyyət göstərir. Şirkətin dəstəyi ilə yaradılmış “Cisco” Akademiyalarında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.