Ömrün tale yükünü daşıyan insan zaman-zaman özünün dünyasını yaradır. Bu dünya böyük və ya kiçik olmasından asılı olmayaraq hər kəsin özünəməxsusluğunu ifadə etməsi ilə seçilir. Çox vaxt adi görünən insanlar arasında o qədər də diqqəti cəlb etməyənlər dünyanın böyüklüyü fonunda nəzərə çarpmır. Elələri də olur ki, onlar özünün istedad və qabiliyyəti, yüksək intellektual səviyyəsi, potensial yaradıcı qüvvəsi ilə cəmiyyətdə aydın görünür, nəsillərin nümunəsinə çevrilərək onların əxlaqi-mənəvi keyfiyyətlərində, fəaliyyətində yaşayır. Belə şəxsiyyətlərdən biri də böyük bir nəsil elmi-pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, eyni zamanda müstəqil Azərbaycanın qurulmasında və inkişafında bir ictimai xadim kimi  rol oynamış və bu gün böyük hörmət və ehtiramla xatirəsini yad etdiyimiz Azərbaycanın görkəmli pedaqoq-alimi, pedaqoji elmlər doktoru, professor, respublikanın Əməkdar müəllimi Zahid İbrahim oğlu Qaralovdur. Zahid müəllim ixtisas etibarı ilə pedaqoq olsa da,  onun fəaliyyət dairəsi genişliyi və əhatəliliyi ilə diqqəti cəlb etmiş, ölkəmizin daha səmərəli və sürətlə inkişaf etməsində var-qüvvəsini əsirgəməmişdir.

 

Bir şəxsiyyət kimi Zahid müəllimin ölkəmizdə və ölkəmizdən kənarda tanınması, ilk növbədə, onun böyük pedaqoq, təhsilşünas alim olması ilə bağlı idi. O, həyatının, demək olar ki, xeyli hissəsini formalaşdığı Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ilə (indiki Təhsil İnstitutu) bağlamış, elmi işçilikdən direktor vəzifəsinə qədər yüksəlmişdir. Bu müddətdə o, araşdırmalarının arealını genişləndirmiş, həm bir tədqiqatçı kimi təhsilin, demək olar ki, hər sahəsinə nüfuz etmiş, bir-birindən maraqlı pedaqoji tədqiqatların meydana gəlməsinə dəstək vermişdir. Ona görə də bu böyük şəxsiyyətin araşdırmalarında fizikanın, eləcə də digər fənlərin tədrisi metodikası, pedaqogikanın nəzəriyyəsi və tarixi məsələləri, məktəbin idarə olunması, tərbiyənin aktual problemləri daha dərindən öyrənilməklə müəllifinə böyük nüfuz gətirmişdir. İndinin özündə pedaqoji araşdırmaların sistemində Zahid Qaralovun yaradıcılıq məktəbinə xas olan özünəməxsusluq açıq-aydın şəkildə görünməkdədir. O, eyni zamanda təhsil tədqiqatlarının  planlaşdırılması və idarə  olunması sahəsində də tədqiqatlar aparmış, həmişə yeniliyi qarşılayan, nəzəri və praktik cəhətdən faydalı olan nəticələrə gəlmişdir.

 

Zahid Qaralov yaradıcılığının ən ümdə cəhətlərindən biri onun əhatəli və kompleks xarakter daşımasında idi. Orada bir fənn, yaxud bir sahə deyil, bütövlükdə pedaqoji elmlərin tələbatlarından irəli gələn məsələlər əhatə olunurdu. Onun qələmi sadəcə elmi anlayışların öz zamanında yeni şərhini vermirdi. Həm də Azərbaycan cəmiyyətinin inkişafında qarşıya çıxan pedaqoji problemləri açıqlamaqda cəsarət nümayiş etdirirdi.

 

Mən Zahid müəllimi elmin idarə olunmasında və inkişafında yüksək təşkilatçılıq qabiliyyəti olan bir rəhbər kimi tanıyırdım. 1978-ci ildən elmi şuranın, eləcə də institutun elmi katibi kimi fəaliyyət göstərdiyim illərdə həmişə Zahid müəllimi intizamı, işgüzarlığı, qayda-qanunu sevən bir insan kimi görmüşdüm. Sənədləşmədə yüksək səliqəliliyi sevməsinin, idarəolunmada ciddiliyə, qarşılıqlı hörmətə, əməkdaşların əməyinə dəyər verməsinin şahidi olmuşdum.

 

Yadımdadır ki, Zahid müəllimi direktor işlədiyi müddətdə kollektivimiz daha çox sevir və ona rəğbət bəsləyirdi. Bu da onun institut əməkdaşlarını dəstəkləməsindən, onların inkişafına qayğı göstərməsindən irəli gəlirdi. O, gənclərə, cavanlara daha çox dəstək olur, onların müdafiəsinə, inkişaf edərək formalaşmalarına daim yardım göstərirdi. Eyni zamanda o, bununla həmişə fəxr edirdi.

 

Zahid müəllimin tapşırıqlarında həmişə bir öyrədici xarakter olardu. O, adama hansı tapşırığı verirdisə, bunun vasitəsilə onun şəxsi inkişafını əsas məqsədə çevirirdi.

 

Yaxşı yadımdadır. Mən elmi katib idim. Elmi şurada institut üzrə əvvəlki illərdə aparılmış tədqiqatların yekunlarına dair məsələ müzakirə olunmalı idi. Zahid müəllim məni yanına çağırdı və ötən ildə institut üzrə aparılmış tədqiqatların yekunları ilə bağlı arayış hazırlamağımı tapşırdı. Əlavə olaraq dedi ki, görək bu məsələni necə hazırlayacaqsan.

 

Mən analitik bir arayış hazırladım və ona təqdim etdim. Arayışı oxuduqdan sonra gülümsədi və dedi ki, yaxşıdır. Bu hadisədən çox məmnun qaldım və Zahid müəllimin münasibətini, verdiyi qiyməti bu gün də unutmuram.

 

Zahid müəllimin direktor kimi bir maraqlı cəhətini də xatırlayıram. Adətən o, müəyyən problemlərin həlli məqsədilə əlaqədar mütəxəssisləri yığar, onlara tapşırıq və konkret vaxt verərdi. Müddət başa çatarkən tapşırıq alanların hamısı yığışar, müzakirə prosesi başlayardı. O, hamını dinləyərdi. Nəticədə hazırladığı variantı oxuyardı. Belə məlum olardu ki, o, özü də hər kəs kimi bu məsələ ilə bağlı ciddi araşdırma aparıb, konkret qənaətlərini ümumiləşdirib. Bu vəziyyət hamıya təsir edirdi. Başqa sözlə, hamı daha yaxşı düşünməyə, keyfiyyətli araşdırmalar aparmağa, faydalı mülahizələri ilə çıxış etməyə sövq olunurdu. Həm də rəhbərin elmi nüfuzu, yaradıcılıq pozisiyası, hadisələrə dinamik və konstruktiv yanaşması xoş təəssürat yaradırdı. Elmli bir insanla yaradıcılıq müstəvisində, qarşılıqlı təmasda olmasından adam məmnunluq və qürur hissi keçirirdi.

 

Mən həmişə Zahid müəllimi prinsipial mövqedə görmüşdüm. İnstitutun direktoru olanda da, nazir müavini vəzifəsində çalışanda da, Milli Məclisin deputatı olaraq vəzifələrini yerinə yetirəndə də elmi rəhbər kimi, opponent kimi fəaliyyət göstərəndə də o, həmişə özünün sözü, özünün mövqeyi ilə görünürdü, həqiqəti deməkdən çəkinmirdi.

 

Zahid müəllim həm də bütün varlığı ilə torpağına, yurduna bağlı bir insan idi. Xalqına, millətinə sədaqətlə qulluq edən, özünün davamlı elmi fəaliyyəti ilə Azərbaycan pedaqoji, metodik fikrinin inkişafına təkan verən vətəndaş idi. İndi biz onun haqqında keçmiş zamanda danışırıq. 85 illik bir zaman onu bizdən ayırır. Buna baxmayaraq, görkəmli pedaqoq-alim Zahid İbrahim oğlu Qaralovun  fikirləri, düşüncələri bu gün də bizimlədir. Zaman keçəcək, illər bir-birini əvəzləyəcək, onun nurlu şəxsiyyəti həmişə xatırlanacaqdır.

 

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim