AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Kosmos Yay festivalı” keçirilib. Festivalda əsasını gənclər təşkil edən 120 nəfər müxtəlif yaş qruplarının nümayəndələri iştirak ediblər.

 

Təşəbbüsün məqsədi “Bəşəriyyətin böyük sıçrayışı” sayılan Aya enmənin 50 illiyi münasibəti ilə ictimaiyyət arasında bu istiqamətdə maarifləndirmə aparılması olub.

 

Festival iştirakçılarını ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.r.e.ü.d Ədalət Ətayiqarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib.

 

Sonra iştirakçılar, müəyyən edilmiş kamp ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib. Burada dron uçuşları izlənilib, o cümlədən BMU tələbələrinin hazırladığı uça bilən təyyarə nümayiş edilib.

 

Daha sonra kamp ərazisindən meşəyə yürüş təşkil edilib.

 

Təbiət gəzintisindən sonra ŞAR-ın konfrans zalında tədbir keçirilib. Konfransda f.r.e.ü.d Ədalət Ətayi Astronomiya elmi haqqında maraqlı məruzə ilə çıxış edib. Məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb. 

 

Konfransın ardınca ŞAR-ın 2 m-lik teleskopunun binasına aparılan festival iştirakçılarına burada teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işlərinin nəticələri barədə geniş məlumat verilib. 

 

Sonda kamp ərazsinə qayıdan festival iştirakçıları ilə müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, geniş elmi müzakirələr aparılıb.