Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Məlumatda bildirilir ki, ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək internet vasitəsilə aparılıb və bu müddət ərzində 14612 subbakalavr qeydiyyatdan keçib. İxtisaslar üzrə subbakalavr ərizələrinin sayı ilə buradan http://dim.gov.az/upload/iblock/0af/0afd2e54b763ffdb1dafd5be9c9945e1.pdf tanış olamaq mümkündür.

 

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün digər abituriyentlərlə bir yerdə iyulun 24-dən avqustun 6-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bunun üçün onlar ali təhsil müəssisələrinə qəbul planı dərc olunan “Abituriyent” jurnalının 2019-cu il 4-cü nömrəsindən istifadə etməlidirlər.

 

Subbakalavrlar müsabiqədə müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərti (200 bal, bəzi ixtisaslar üzrə 150 bal) əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər.

 

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviy­yəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Ixtisasların uyğunluğu “Abituriyent” jurnalının “2019/2020-ci tədris ili üçün  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib. Qəbul aparılan ixtisasların uyğunluğu DİM-lə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.

 

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını subbakalavr özü müəyyənləşdirir.

 

Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

 

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər.

 

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

 

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

 

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

 

1. Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

 

2. Tam orta təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).

 

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə ümumi qaydada, həm də qəbul imtahanlarında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə keçirilən müsabiqədə iştirak edə bilər. Bunun üçün həmin şəxs qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir.