İyulun 19-da Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri ilə görüş keçirilib. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə tələbələrə verdiyi dəyərə və tələbəlik həyatını mətbuatda obyektiv və xüsusi şəkildə işıqlandırdığına görə təşəkkürnamə elan edilib.

 

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib: “Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. Azərbaycan Dillər Universitetinin qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.

 

Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi”qəzetinin buraxıldığı gündə qeyd edilən Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. “Əkinçi” qəzetində həmin dövlərin mütərəqqi ideyalarının əks olunduğunu deyən S.Zeynalova qəzetin xalqın maarriflənməsində, yenilik və bəşəri ideyaların təbliğində mühüm rol oynadığını söyləyib. Prorektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib və bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib: “Ulu öndərin siyasətini uğurla davam etdirən və həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Bunun nəticəsidir ki, biz bu gün söz, məlumat azadlığı şəraitində yaşayırıq. Tarixə nəzər salsaq, görərik ki, həqiqətən Azərbaycan mətbuatı zəngin və möhtəşəm yol keçib”.

 

S.Zeynalova universitetdə imtahan prosesinin gedişatını müşahidə etmək məqsədi ilə mediaturların təşkil olunduğunu qeyd edib, həmin məlumatların geniş və obyektiv işıqlandırılmasına görə jurnalistlərə təşəkkürünü bildirib.

 

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova ADU-nun mətbuat üçün daim açıq olduğunu deyib. KİV nümayəndələri ilə universitetin dostluq etdiyini deyən prorektor bu dostluğun davam etməsini arzulayıb.

 

ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı tələbə həyatına önəm verən, obyektiv şəkildə sayt və qəzetlərdə xəbərləri dərc edən media nümayəndələrinə təşəkkürnamənin verilməsinin böyük qürur olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə Azərbaycanın ictimai fikrinə kifayət qədər təsir edə bilən jurnalistlərin toplaşdığını deyən “İki Sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edib. V.Rəhimzadə universitet rəhbəri başda olmaqla, əməkdaşların media ilə işinin düzgün qurulduğunu və KİV-in işinə daim dəstək olduqlarını bildirib.

 

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd ADU-nun məzunu olduğunu və əlaqələrin davam etdirildiyini diqqətə çatdırıb.

 

Daha sonra ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına Təşəkkürnamə və hədiyyələr təqdim olunub.