Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata əsasən, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul 24 fevral və 26 may 2019-cu il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

 

Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

 

Bakalavrlar boş qalan  yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2019-cu il 23 iyul saat 10:00-dan 30 iyul saat 23:59-dək  DİM-in internet saytının müvafiq səhifəsinə  daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

 

Boş qalan  yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

 

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

 

Dövlət hesabına magistraturada təhsil almış magistrlər  dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər.

 

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.