Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU-nun rektoru, akademik Kamal Abdullanın dəvəti ilə Azərbaycana gələn Çin Sosial Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü, professor Çjan Şuhua başda olmaqla elmi və pedaqoji işçilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyətini qeyd edərək universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tarixi İpək Yolunun dirçəlməsi ilə qlobal “Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalarda ixtisaslaşan , rəhbərlik etdiyi qurumun  elmi və ictimai fəaliyyəti, tədris prosesi barədə qonaqlara məlumat verib. O, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini qeyd edib.

 

Sonra Çin nümayəndə heyətinin üzvləri Siyasi Psixologiya Mərkəzinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla görüşüblər.

 

 

Şakir CƏFƏROV