Mayın 23-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.


Mayın 23-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nümayəndələri, məktəb direktorları və müəllimlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Monitorinq və treninq şöbəsinin müdiri Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu qeyd edib və bildirib ki, Azərbaycan 2013-cü ildə qonşuluq siyasəti əsasında bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 113 məktəbdən 282 müəllimin iştirakı ilə 315 layihə həyata keçirilib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb, təhsilin normativ-hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib.
Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq beynəlxalq təcrübədən istifadə etməklə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar “eTwinning Plus” layihəsinin həyata keçirildiyini vurğulayıb. Layihə çərçivəsində Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. “eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər.
Daha sonra müsabiqə qaliblərinə diplomlar təqdim olunub.
Qeyd edək ki, “eTwinning Plus” layihəsi üzrə keçirilmiş müsabiqələrin nəticələrinə əsasən 2016-cı ilin 6 ayı üzrə layihədə iştirak edən 18 müəllim mükafat əldə edib.