Kurikulumlar məhsuldar fəaliyyəti tənzimləyir


Müstəqilliyimizin və dövlətimizin qarşıya qoydugu mühüm şərtlərindən biri mükəmməl təhsil sisteminə malik olmaqdır. Respublikamızda həyata keçirilən təhsil islahatlarının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.

 

Peşəsində yaxşı nəticələr əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Hesab edirəm ki, müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.

 

Xatırladım ki, 2008-2009-cu tədris ilindən ölkəmizdə yeni kurikulumların tətbiqinə başlanılıb. 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın  tərkib hissəsi olan kurikulum islahatı bu gün də mərhələli şəkildə həyata keçirilir.  Yaxın keçmişə nəzər saldıqda görürük ki, bu addım Azərbaycan təhsilində ilk nəticəyönümlü kurikulumların tətbiqi kimi mühüm əhəmiyyət daşıyır.

 

Yeni kurikulumlar müəllim fəaliyyətinin idarə olunması, dəyərləndirilməsi baxımından da geniş əhəmiyyət daşıyır. Onlara əsasən işini quran müəllimlər özlərinin tədris fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda, fəaliyyət məqsədlərini həyata keçirməkdə, eləcə də texnologiyalar seçməkdə, yaxud onları müvafiq qaydada hazırlamaqda daha müstəqil olurlar.

 

Kurikulumların tələbinə əsasən valideyn və məktəb arasında münasibətlərin yenidən qurulması kimi mühüm pedaqoji hadisənin verilməsi müşahidə olunur. Maraqlı olan əsas tərəflərdən biri kimi  onlar təhsilin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik bir ab-hava gətirirlər. Daha konkret mənada kurikulumlar şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq onların məhsuldar fəaliyyətini tənzimləyir.

 

Məhz universal kurikulum platformasının müəllim-şagird münasibətlərinə müsbət təsirinin nəticəsidir ki, müəllim şagirdi ilə dost münasibəti qura və ona öz dəyərli məsləhətlərini verə bilir, həmçinin onlarla daha çox vaxt keçirərək müəyyən tədbirlər gerçəkləşdirir. Misal olaraq onu qeyd edə bilərəm ki, hal-hazırda müəllimlik fəaliyyətimi davam etdirdiyim məktəbdə sinif rəhbəri kimi də çalışıram. Rəhbəri olduğum siniflə dolğun və maarifləndirici bir çox tədbirlər keçirmişik. O tədbirlərdən sadəcə birini sizinlə paylaşmaq istəyirəm. 2017-ci ilin mart ayında keçirdiyimiz tədbirdə şagirdlər xalqımızın milli bayramı olan Novruzun tarixi, ənənələri barədə tədbir iştirakçılarına, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinə ingilis dilində məlumat verib, intellektual müsabiqələr, mahnılar, şeirlər, rəqslər nümayiş olunub.

 

Sözügedən tədbirə şagirdlərin təşəbbüsü və məktəbimizin valideyin komitəsi sədrinin dəvəti ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsmandan), British Councildan, Məktəb İcmalarından, Türkiyə səfirliyindən dəvət olunmuş qonaqların tədbir haqqındakı yüksək fikirləri şagirdlərimizi daha da ruhlandırıb və təhsildə yeni nailiyyətlər qazanmaq üçün əsl stimul olub.

 

Deməli, universal kurikulum platformasının ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin inkişafında müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olması, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılması və problemlərin həllinə yönəlməsi qənaətinə gələ bilərik.

 

Onu da qeyd edim ki, kurikulumlar sadəcə bizim ölkədə deyil, həmçinin, dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur və müsbət nəticələr verir. Bir sıra amillərlə bərabər burada ən mühüm məsələ kurikulumun tətbiqinə  bilavasitə məsul olan müəllimlərin yetişdirilməsi və ixtisasartırması, onların mükəmməl hazırlığının təmin olunmasıdır.

 

Bir zamanlar şagirdi olduğum məktəbdə bu gün müəllim olaraq çalışmaq, on bir il eyni parta arxasında əyləşdiyim, eyni sinif otağını paylaşdığım sinif yoldaşlarımın övladlarının müəllimi olmaq, düşünürəm ki, bu həyatda qazandığım ən böyük nailiyyətlərdən biridir. O nailiyyət, o qürur ki, onu sözlərlə ifadə etmək mümkün deyil.

 

Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev müəllim əməyini həmişə yüksək qiymətləndirirdi:

 

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. 

 

Bəli, cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir. Elə buna görə də öz işinin öhdəsindən uğurla və şərəflə gəlmək üçün müəllim əsl mənada şəxsiyyət olmalı, özündə müsbət keyfiyyətlər formalaşdırmalıdır...

 

 

Sevinc ABDULLAYEVA