2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesi davam edir. Elektron sənəd qəbulu avqustun 20-dək davam edəcək.

 

16 avqust tarixinədək olan məlumata əsasən, artıq 7 400-ə yaxın  vətəndaş müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, heyvandarlıq mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, elektrik qaz qaynaqçısı, kompüter operatoru və bərbər ixtisaslarına üstünlük veriblər.

 

Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

 

Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

 

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

 

Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.