Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlarının nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub.

 

Hazırda Almaniyada yaşayan, ixtisasca mühəndis olan Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. O, Bakıya “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə gəlib.

 

Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qonağa elmi müəssisədə aparılan araşdırmalarla bağlı geniş məlumat verib.

 

Görüş zamanı qeyd edilib ki, Azərbaycan həqiqətləri müxtəlif yollarla dünya ictimaiyyətinə çatdırılır və xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də diaspor təşkilatlarımızın birgə fəaliyyəti isə olduqca vacibdir. Elmi şurada İrəvan xanları nəslinə mənsub olan ailələr, onların ayrı-ayrı nümayəndələri haqqında məlumatların toplanılması və elmi dövriyyəyə gətirilməsi ilə bağlı razılıq əldə edilib.