Bu təlimin üstünlüyü şagirdlərin mövzuya dair bilik və məlumat almazdan öncə araşdırıcı fəaliyyətə başlamasıdır


Məlum olduğu kimi,   STEM  -  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülüb  və STEM əsaslı təhsilin birgə, inteqrasiya olunmuş şəkildə tədris edilməsi ideyası üzərində qurulub. Eyni zamanda, STEM əsaslı təlimdə elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədini daşıyır və təhsildə istifadə olunan yeni  yanaşmalardan  biridir. Bu tədris metodu müxtəlif qabaqcıl ölkələrdə 1950-ci ildən tətbiq edilir. Hal-hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, Çin, İngiltərə, Almaniya və s.  ölkələrdir. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif  problemlərə, müxtəlif  layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəklində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda, öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlərin və icra olunan layihələrin real həyatla əlaqəli olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir.  Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər.

 

STEM əsaslı qurulmuş təlimin xüsusiyyətləri:

 

* STEM əsaslı kurikulumlar fənlərarası  praktik və tətbiqi dərslərdən ibarətdir.

 

* STEM dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir və belə dərslərin keçirilməsi üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb edilir. Çünki layihələr, seçilmiş problemlər nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin hazırlanmasında  və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM dərsləri keçilən məktəblərdə müəllimlər üçün xüsusi təlimlər təşkil olunur.

 

* Ənənəvi yanaşmadan fərqli olaraq, STEM əsaslı təlim praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərir. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdırlar.

 

* STEM-in praktikliyi problemlər üzərində öyrənmə xüsusiyyəti fənlərarası və tətbiqi yanaşmadır. Bu yanaşma şagirdlərə mühəndislik bacarıqları öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. 

 

* STEM fənləri şagirdlərə hansı peşəni  seçmələrindən asılı olmayaraq  onları həyata hazırlayır. Bu fənlər şagirdlərə rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problem həlli  vərdişlərini öyrədir.

 

Texnologiyaları öyrənmə və vərdiş etmə müəllimdən müəyyən müddət və zəhmət tələb etsə də, şagirdlərin nəticələrinə müsbət təsir göstərir. Şagirdlərini ruhlandırmaq, imkanlar, şərait yaratmaq, həvalə etmək müəllimin peşə borcudur. Müasir müəllimin tətbiq etdiyi təlim texnologiyaları şagirdə tənqidi düşünmə, yaradıcı yanaşma, çevik uyğunlaşma və s. kimi imkanlar qazandırır. Bu isə şagirdlərdə problemi həlletmə, özünü idarəetmə və liderlik kimi vərdişlərin formalaşmasına təkan verir.

 

Beləliklə, səriştəli və müasir müəllim şagirdində nəinki məktəbdə, gələcək həyatında uğurlar qazanmaq üçün vərdişlər yaratmış olur. STEM fəaliyyətləri fənlərarası inteqrasiya yaratmaq üçün  dərslərin təlim nəticələrindən asılı olmadan, hər bir şagirdə fərdi yanaşma üçün əlverişli imkanlar təmin edir, kəşflərə hazırlayır, özünəinam formalaşdırır. STEM fəaliyyətləri düzgün qurulduqda şagirdlər təlim prosesinə fəal olaraq cəlb edilir. STEM əsaslı təlim alan şagird dərk edir ki,  insanlar tərəfindən icad edilmiş bütün alətlər  texnologiyadır və bu alətlər bizim həyatımızın sadələşdirilməsi üçün lazımdır. Bu düşüncə şagirdləri qurmağa, yaratmağa, icad etməyə təşviq edir.

 

Nümunə:  STEM məzmunlu sadə dərs forması

 

Mövzu:  Hərəkətli çənə

 

Sinif: VI

 

Məqsəd:  İnsan orqanizmindəki  “unikal mühəndislik  qurğusu”nun funksiyaları, hərəkəti və s. ilə şagirdlərin tanış edilməsi

 

İnteqrasiya:  fizika, həyat bilgisi, kimya, ekologiya, texnologiya

 

Ləvazimatlar: qapağı açılıb-qapanan karton qutu, A4 qalın rəngli vatman kağızı, karandaş, xətkeş, qayçı,  karandaş-yapışqan, silikon yapışdırıcı,  su spreyi, peçenye, təbii şirə, 3 ədəd şirə çöpü, plastik stəkanlar

 

Təlim üsulu: mühəndislik-dizayn əsaslı öyrənmə, rollu oyun

 

Təlim forması: kiçik qruplarla iş

 

Dərsin gedişi:

 

Şagirdləri fəaliyyətə cəlb edəcək və maraq oyadacaq təşviqedici və yönləndirici suallar  verilir:

 

- Orqanizmimizdə başqa hansı üzvümüz qidanı xırdalayıb mədəyə yönləndirə bilər?

 

- Çənə və dişlərin funksiyasını həmişə ələ etibar etmək istərdinizmi?

 

- Çeynəmə prosesi və vaxtı həzm üçün niyə əhəmiyyətlidir?

 

Şagirdlərin cavabları müəllim tərəfindən dinlənilir, sadə suallarla ümumi məqsədə doğru yönləndirilir.

 

Qrup işi: təlimata uyğun və ya qrupun öz istəyi ilə hərəkətli çənə maketi hazırlanır.

 

Karton qutudan hərəkətli çənələrin hazırlanması:

 

- qutunun üzərinə çənə formasının şəkli çəkilir və kəsilir;

 

- kəsilmiş hissələr bir-birlərinə silikon yapışdırıcı ilə  bərkidilir;

 

- kəsilmiş kartonların üzərinə ağ  A4 kağızı yapışdırılır və üzərinə diş şəkli çəkilir;

 

- çəkilmiş diş şəkillərinə forma verilərək maketin kənarlarına yapışdırılır;

 

- rəngli vatman kağız da  maketin ölçüsündə karandaşla damaq şəkli  çəkilir və qayçı ilə səliqəli şəkildə kəsilir;

 

- kəsilmiş rəngli kağız maketə həm daxili,  həm də xarıci tərəfdən ağız boşluğunun çevrəsi boyunca silikon yapışqan vasitəsilə yapışdırılır.

 

Şagirdlər qrup işini icra edən zaman  paralel olaraq müəllim şagirdlərin işinə nəzarət edir.

 

Fənlərarası inteqrasiya məqsədilə  müəllim şagirdlərlə iş zamanı aşağıdakı məqamları diqqətdə saxlayır:

 

- ölçmələrin dəqiq aparılması və əhəmiyyəti;

 

- xətkeş ölçü alətidir;

 

- təhlükəsizlik və ehtiyat tədbirləri (qayçı və silikon yapışqandan istifadə ilə bağlı) barədə silikon yapışqanla işləmə qaydaları;

 

- karton  qutu təkrar emal kağızlarından əldə olunan məhsuldur;

 

- qənaət anlayışı (istifadə etdikləri A4 kağız, vatman,  kartondan qənaətli istifadə) barədə;

 

- simmetriya anlayışı (kəsilən fiqurların simmetrikliyinə diqqət edilməli);

 

- “Simmetriya gözəllikdir” fikrinə münasibətlərin soruşulması və s.

 

- insanın normal şəraitdə yaşaması üçün hansı təbii ehtiyaclarının olması;

 

- düzgün gün rejiminin insana təsiri;

 

- həzm fermentlərinin  kimyəvi tərkibi necə olmalıdır?

 

- qidanın sorulması prosesi və s.

 

STEM əsaslı təlimin üstünlüyü şagirdlərin dərsə,  mövzuya dair bilik və informasiya almazdan öncə araşdırıcı fəaliyyətə başlamasıdır.  Yəni, “Hərəkətli çənə” maketini quran və hərəkət etdirməyi bacaran şagirdi  bunun səbəbləri də mütləq maraqlandıracaqdır.

 

Mövzunun mənimsənilməsində rollu oyundan  istifadə oluna bilər, şagirdlər ardıcıl olaraq:

 

- Qidanı  hazırlanmış maketdə xırdalayır;

 

- Qidanı  qida borusu ilə dalğavari hərəkət etdirir;

 

- Mədədə həzmin xırdalanmasını nümayiş etdirir;

 

- Nazik bağırsaqda qidanın sorulması simulyasiya olunur;

 

- Mədə şirəsinin fermentlərinin ifraz olunması simulyasiya olunur.

 

Qeyd: Şagirdlər “Hərəkətli çənə” modelini sınadığı zaman müəllim səssiz olur. Şagirdlər öz sevinc və təəccüblərini bir-biri ilə paylaşırlar. Onlar təbii olaraq, aralarında  öz müşahidələri barədə müzakirə aparmağa başlayırlar. Bu vaxt müəllim sinifdən soruşur:

 

- Maraqlıdır, hazırladığınız “Hərəkətli çənə” hansı funksiyanı yerinə yetirir?

 

Şagirdlərə öz fikirlərini bildirməyə şərait yaradırıq. Deyilən fikirlər ümumiləşdirilir və nəticə çıxarılır:

 

- Hazırlanmış maket həzm orqanı olan ağız boşluğunu  təsəvvür etdirir. Şagirdlər maketi hərəkət etdirdikcə qıdanın ağız böşluğunda xırdalandığını, daha sonra udularaq qida borusuna düşməsini, qida borusunun dalğavari hərəkətlə qidanı mədəyə ötürməsini, mədədə artıq kimyəvi parçalanmanın baş verməsini, fermentləri, nazık bağırsaqda qidanın necə sorulmasını və daha sonra həzm olunmamış qida qalıqlarının xaric olunmasını rollu oyunlarla nümayiş etdirdiniz.

 

Aydındır ki, müəllim sinfin yaş xüsusiyyətlərini və qavrama səviyyəsini nəzərə alaraq izahını sadələşdirə və ya əksinə, əlavələr (həzm orqanları, qidanın çeynənilməsi, parçalanması, sorulması və s.) edə bilər.

 

Ev tapşırığı: “Müxtəlif  vəziyyətlərdə düzgün qidalanma texnikaları” mövzusunda  esse yazmaq.

 

 

 

 

 

 

 

 

 

 

Aynurə ORUCOVA,

Gəncə şəhər  M.Füzuli adına 22 nömrəli  tam orta məktəbın biologiya müəllimi, “STEM müəllimləri” respublika müsabiqəsinin qalibi