Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqi” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) öz işinə başlayıb.

 

BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə reallaşdırılan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.

 

43 ölkədən 243 elmi məruzə daxil olan Beynəlxalq konfransın plenar iclasında müxtəlif ölkələrdən olan alimlərinin məruzələri dinləniləcək.

 

Tədbirin əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün bir forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.

 

Konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələr təqdim ediləcək. Məruzələr üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq. Tədbirin əsas işçi dili ingilis dilidir.

 

Konfrans avqustun 30-da başa çatacaq.