AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda iqlim dəyişiklikləri ilə bağlı tədqiqatlar davam etdirilir.

 

İnstitutdan verilən məlumata görə, ilkin mərhələdə ölkəmizdə temperaturun və yağıntının dəyişməsi prosesi öyrənilir. İqlim dəyişmələrinin Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərə təsiri qiymətləndirilib.

 

Son onilliklərdə atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində bəzi dəyişikliklər baş verib. Məsələn, Böyük Qafqazın cənub yamacının qərb hissəsində yağıntıların ümumi miqdarı artsa da, sutkalıq miqdarının çox olduğu günlərin sayı azalıb. Lənkəran vilayətində isə baza dövrü ilə müqayisədə həm yağıntının ümumi miqdarı, həm də yağıntılı günlərin sayı xeyli azalıb. Təhlillər göstərir ki, bunlar əraziyə daxil olan hava kütlələrinin xüsusiyyətləri, o cümlədən konvektiv dayanıqsız təbəqənin qalınlığının az olması, hava kütlələrinin müdaxiləsinin istiqaməti və digər amillərlə bağlıdır.