Şagirdlərin coğrafi təfəkkürünün qiymətləndirilməsində esselərin imkanlarından istifadə


Coğrafiya elminin şagirdlərin dünyagörüşünün artması, təbiətdə, cəmiyyətdə baş verən hadisə və proseslərin gedişatını doğru izləyib, qanunauyğunluğun aşkarlanması, proqnozların verilməsi kimi bacarıqların formalaşmasında müstəsna əhəmiyyəti vardır. Bu bacarıq, bilik və vərdişlər heç zaman öz aktuallığını itirmir.

 

Öyrənmə prosesini müasir iş üsullarının köməyilə əyləncəli təşkil etmək olarsa, bunun qiymətləndirmə prosesinə də tətbiqi mümkündür. Bu məsələdə esselərin imkanları çox genişdir.

 

Esselərdən daha çox ədəbiyyat dərslərində istifadə olunsa da, onların coğrafiya fənnində də tətbiq imkanları kifayət qədərdir.

 

Esse yazmaq münasibət bildirməkdir. Bunun içərisinə şagirdlərin mövzu ilə bağlı təhlil, fikir və fantaziyaları daxil ola bilər. Essenin üstünlüyü onun quruluşunda sərbəstliyə yer verilməsindədir. Bu sərbəstliyin nədən ibarət olduğunu artıq VII sinif şagirdləri dərk edir və tapşırıqlar müntəzəm aparıldıqda onu məmnuniyyətlə icra edirlər. Essenin məzmununda bir fikirdən gözlənilmədən digərinə keçilməsi, qeyri-adi nəticələrin çıxarılması onu daha da maraqlı edir. Bu bacarıqların formalaşması az zaman alır, amma nəticə gözləniləni üstələyir.

 

Esse yazmaq müstəqil düşüncə, istedad, geniş təxəyyül, mədəni səviyyə tələb edir. Coğrafi biliyi, dünyagörüşü, yaradıcı təxəyyülü və mütaliə mədəniyyəti olan şagirdlərdə bu bacarığı qısa zamanda formalaşdırmaq olar. Bunun üçün maraqlı bir mövzu seçib, şagirdlərdə əhval və özünəinam hissi yaratmaq - motivasiya vermək lazımdır. Bu, sistemli şəkildə olarsa uğur təmin edilir.

 

Yaradıcı tətbiqetmə mərhələsində şagirdləri qruplara ayırarkən verilən tapşırıqların biri esse olarsa, bu, şagirdlərin sevincinə səbəb olur. Çünki qrup daxilində əmək bölgüsü zamanı şagirdlərdən heç olmasa biri bu vəzifəni sevə-sevə öz üzərinə götürməyə hazır olur. Qrup işlərinin təqdimatı zamanı ən çox maraqla gözlənilən əsl sağlam rəqabət yaradan da məhz essenin təqdimatı olur.

 

İş təcrübəmdə bir çox uğurlu və gözlənilməz fənlərarası inteqrasiya esselərin məzmununda aşkarlanır. Fikrimi bir neçə əyani misallarla sübuta yetirmək istərdim.

 

 

 

 

 

 

 

“Afrikaya səyahət” mövzusunda təqdimatın hazırlanması üçün şagirdləri qruplara ayırdığım zaman yazılan esselərdə coğrafiya və ədəbiyyat fənləri arasında inteqrasiya çox uğurlu alınmışdı. Nümunə: “...Xeyir və Şər Afrikanın şimalında Böyük Səhrada yaşayırdı. Xeyirin suyu qurtardığı üçün Şər ondan suyun əvəzində gözlərini tələb edir. Xeyirin gözlərindən axan qan dənizə tökülür və o vaxtdan dənizin adı Qırmızı dəniz olur”. Maraqlıdır ki, digər qrupun yazısında da Xeyirlə Şərin mübarizəsi gedir, lakin bu şagirdlər Qabusnamə dastanına istinad edirlər: “... Şər torpağı cızaraq yazır: “Xeyir, mən səndən qorxmuram”. Bundan sonra yağış yağır və həmin cızılan yerdə Konqo, Niger, Nil, Zambezi çayları yaranır. Cümlənin nöqtəsi Viktoriya gölü, vergülü isə Tanqanika gölü olur. (Göllərin konfiqurasiyasının nöqtə və vergülə bənzədilməsi, zənnimcə çox uğurlu alınıb - V.S.). Yağışdan sonra Xeyir öz qanadlı atı ilə göyə qalxır, bu yazını görüb Şərə cəza vermək üçün onu Yerin yeddinci qatına göndərir və tapşırır ki, qayıdarkən ağzına torpaq götürməsin. Amma Şər tapşırığa əməl etmir, ağzında torpaq qayıdır və dözə bilməyib tüpürərkən bundan Madaqaskar, Kanar, Azor, Seyşel kimi adalar yaranır. Bu zaman Tanrının onlara qəzəbi tutur və qılıncla Afrikanı iki yerə ayırır ki, bu da ekvator xətti olur. O vaxtdan Şər Afrikanın şimalında, Xeyir isə cənubunda yaşayır...”.

 

Göründüyü kimi, şagirdlər Afrikanın coğrafi mövqeyi, sahil xətti, çay və göl sistemini mənimsəməklə yanaşı, onun təbii şəraitini də qiymətləndirə biliblər. Ona görə də Xeyiri təbii şəraitin daha əlverişli olduğu cənuba, Şəri isə çətin şəraitli şimala layiq görüblər.

 

Materiklərin müqayisəli təhlilini təkcə Venn diaqramı ilə deyil, həm də esse əsasında etməyi tapşırdım. Nəticədə “Meyvələrin söhbəti” materiklərə tətbiq olundu. Hər materik özünün üstünlükləri ilə öyündü. “... Bayaqdan bir kənarda sakitcə dayanan soyuq təbiətli Antarktida, nəhayət, dilləndi: - Bəsdir mübahisə etdiniz. Sizin bu münasibətləriniz məndən də zərərsiz ötüşməyib. Üzərimdəki ozon təbəqəsinin yarılması bütün dünyaya xəbərdarlıq mesajıdır. Əgər mən ərisəm siz su altında qalarsız. Belə qonşuluq etsəniz Yerin nizamı pozular”.

 

Göründüyü kimi, şagirdlər materiklərin təbii şəraitini mənimsəməklə yanaşı, qlobal ekoloji problemlərə də toxunur, proqnoz vermək imkanlarından yararlanırlar.

 

Ekoloji çirklənmə ilə bağlı essedə isə məişət zəminində söhbətlər - şagirdin anası ilə ev təmizləmək üçün istifadə edilən kimyəvi maddələrin zərərləri haqqında dialoqu 50 il sonraya olan səyahətlə bitir... Ana artıq dünyasını dəyişib, onun adını daşıyan nəvəsinin sağlamlığında problemlər yaranıb. Bunun kökündə isə zaman-zaman yığılmış ekoloji çirklənmələr durur.

 

Bu yazıda şagirdlərin proqnoz vermək, dünyanı qorumağa yönəlik səmimi cəhdləri çox təsirli alınıb. Üstəlik, coğrafiya və kimya fənlərinin inteqrasiyasını reallaşdırmaqla yanaşı, tibbi coğrafiya kimi yeni bir sahəyə də maraq göstərdikləri sübut olunur.

 

ABŞ və Böyük Britaniyada essedən şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunur. Bəzi mütəxəssislər onları örnək gətirərək bizdə belə təcrübənin olmadığına heyfslənirlər. Mən isə bir pedaqoq kimi bu eksperimentlərə iyirmi il əvvəl başlamışam.

 

Bir məsələni də vurğulamaq istərdim ki, uşaqlarda yaradıcı düşüncənin səviyyəsinin aşağı düşməsi narahatlıq doğurur. Bunun əsas səbəbini onların “hazır oyunları” mənimsəməsində görürəm. İkinci səbəb isə bədii qiraətdən uzaqlaşmaqdır ki, bunun da kökündə yenə birinci səbəb durur. Odur ki, uşaqları kompüter oyunlarından mümkün qədər uzaq tutmaq, onları öz təxəyyüllərini inkişaf etdirməyə təşviq etmək lazımdır.

 

Yaradıcılığı erkən yaşlardan inkişaf etdirərək özünə, potensialına güvənən şəxsiyyətlər yetişdirmək lazımdır.

 

 

Vəfa SÜLEYMANOVA,

Bakı şəhəri, 53 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

 

Bölmənin digər xəbərləri