Dövlət İmtahan Mərkəzi (DİM) ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Şəki şəhəri və ətraf rayonların DİM ilə əməkdaşlıq edən 27 ingilis dili müəllimi üçün təlim təşkil edib.

 

Təlimə Şəki və ətraf regionlardakı məktəblərdə ingilis dilini tədris edən müəllimlərlə yanaşı, Şəki Pedaqoji Kolleci və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimləri də cəlb ediliblər. Təlimi amerikalı ekspert Dr. Stephen Sadlier aparıb.

 

Qeyd edək ki, Stephen Sadlier Massaçusets Universitetinin Kurrikulum tədqiqatları və müəllimlərin təhsili şöbəsinin təhsil üzrə doktorudur.

 

Təlimdə oxu və yazı bacarıqlarına yiyələnmənin texnologiyası, dərs prosesində bilik və bacarıqların ölçülməsi, qiymətləndirmədə istifadə olunan vasitələrin buraxılış və qəbul imtahanlarında istifadə olunan ölçmə üsulları ilə uyğunlaşdırılması, eyni zamanda oxu və yazı prosesi zamanı yüksək təfəkkür bacarıqlarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb.

 

Eyni məzmunlu növbəti təlim sentyabrın 6-da Bakı şəhərində də təşkil ediləcək.