Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris departamentinin Davamlı təhsil və təlim şöbəsinin yeni təyin edilmiş müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov kollektivə təqdim olunub. Universitetin Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, universitetdə son illərdə ardıcıl şəkildə uğurlu islahatlar aparılır, sənədlər hazırlanır, qəbul edilir. Şöbənin yeni təyin olunan müdirini təqdim edən prorektor, onun haqqında məlumat verib.

 

Bildirilib ki, R. Sadıqov 2009-cu il  sentyabr ayından 2011-ci il dekabr dekabr ayına kimi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2012-ci il yanvar ayından  2012-ci il iyun ayınadək keçmiş Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Beynəlxalq əlaqələr kabinetinin müdiri, 2012-ci ilin iyun ayından 2016-cı ilin avqust ayınadək həmin insitututda Tərbiyə işləri üzrə prorektor vəzifələrində çalışıb. 13 illik elmi-pedaqoji fəaliyyəti dövründə bakalavr, magistratura, ixtisasartırma və yenidənhazırlanma səviyyələri üzrə dərs aparıb, yerli və xarici ölkələrdə keçirilmiş bir sıra beynəlxalq təlimlərdə, seminarlarda, konfranslarda fəal iştirak edib. O, 2016-cı ilinin  sentyabr ayında ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi kimi fəaliyyətə başlayıb. 2017-ci il  noyabr ayından indiki təyinatadək ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Daha sonra R. Sadıqov çıxış edərək universitetin rektoru, professor Cəfər Cəfərov başda olmaqla rektorluğa ona göstərdikləri etimada görə təşəkkürünü bildirib. Müasir dövrdə aktual olan davamlı təhsil və təlim sahəsinin inkişafının əhəmiyyətindən danışan şöbə müdiri universitetdə bu istiqamətdə nəzərdə tutulan işlərin uğurla davam etdiriləcəyinə çalışacağını bildirib.

 

Tədbirdə şöbənin mütəxəssisləri Dilguşə Süleymanova və psixologiya üzrə elmlər doktoru Qızxanım Qəhrəmanova çıxış edərək şöbədə həyata keçirilən bəzi yeniliklərdən danışıblar, yeni təyin edilmiş şöbə müdirinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.