Heydər Əliyev Sarayında “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Respublika Təhsil Şurası, Azərbaycan Uşaq Fondu, Bakı Biznes Universiteti və Türkiyənin Okulistik şirkətinin təşkilatçılığı ilə Forum keçirilib. İki mindən çox müəllimin qatıldığı forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Millət vəkili Qənirə Paşayeva çıxış edərək  məktəbin sütununun ibtidai sinif müəllimləri olduğunu bildirib: “Çünki uşaqlarımız ibtidai təhsillərini hansı baza üzərində alırsa, gələcəkdə də o baza üzərində davam etdirirlər. İbtidai təhsili zəif olan uşaqlar gələcəkdə də təhsillərini davam etdirərkən çətinliklərlə qarşılaşırlar. Ona görə də  siz müəllimlər millətimizin gələcəyini yetişdirən insanlarsınız. Bir millətin inkişafı təhsildən keçir. Bu gün hansı millət təhsilə qiymət verəcəksə, onun sabahı daha da işıqlı olacaq. Ona görə bu gün təhsilin inkişafı bizim üçün olduqca vacibdir. Bunun da təməli ibtidai sinifdə atılır. İbtidai sinif müəllimi bir az da uşaqlara valideyn kimi yanaşır, çünki o yaşda uşaqların təhsilə başlaması heç də asan olmur. İbtidai sinif müəllimi təkcə bilikləri öyrətmədiyini, həm də onların formalaşmasında şəxsiyyət kimi rol oynadığını diqqətə çəkən millət vəkili Prezident İlham Əliyevin təhsil sahəsində verdiyi sərəncamların, onun rəhbərliyi ilə aparılan islahatların əhəmiyyətini yüksək qiymətləndirib: “Bu gün müəllimlərimizin maddi şəraitindən tutmuş, əməkhaqlarının artırılmasına qədər bir sıra istiqamətlərdə xeyli işlər görülür. Dövlətimizin iqtisadi inkişafı artdıqca onların həyat şəraitinin artırılmasına da ciddi əhəmiyyət verilir. Biz çalışmalıyıq ki, böyütdüyümüz gənc nəsillər hər məsələdə bizdən qabaqda olsunlar. Ona görə də ibtidai sinif müəllimlərinin üzərinə daha çox yük düşür”.

 

Millət vəkili Sona Əliyeva isə Forumda iştirakından məmnun qaldığını söyləyib: “Mən də uzun müddət müəllim kimi çalışmışam, Əməkdar müəlliməm və Milli Məclisdə Elm və Təhsil Komissiyasının üzvüyəm. Odur ki, müəllim sənətinin nə qədər əhəmiyyətli və ağır olduğunu anlayıram. Əlbəttə, bu peşəyə ən yüksək dəyəri ulu öndər Heydər Əliyev verib. O deyib ki, dünyada müəllim peşəsindən şərəfli peşə tanımır”.

 

Millət vəkili bildirib ki, son illərdə Milli Məclis təhsil sahəsində bir sıra qanun layihələri qəbul edib: “Məhz 2016-cı ildən başlayaraq təhsil haqqında, elm haqqında və başqa qanunlar qəbul olundu. Hazırda “Ali təhsil haqqında” qanun müzakirə mərhələsindədir. Bir neçə il əvvəl Prezidentin sərəncamı ilə ali təhsil müəssisəsində dövlət sifarişli yerlərin sayı artırılıb. Bundan başqa, informasiya texnologiyalarının tətbiqi və istedadlı uşaqlar haqqında qanun hazırlanıb hökumətə təqdim olunacaq”.

 

S.Əliyeva nəzərə çatdırıb ki, təhsil haqqında qanunların qəbulunun məqsədi təhsilin inkişafının, təhsilin keyfiyyətinin artırılmasıdır: “Bu baxımdan düşünürəm ki, bu cür forumlar əhəmiyyət daşıyır. Çünki bu cür forum və müzakirələr təhsilin inkişafında görülən işlərin daha keyfiyyətli alınmasına kömək edir. Biz Elm və Təhsil Komitəsi olaraq müəllimlərdən gələn bütün təklifləri dəyərləndirməyə hazırıq”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov Azərbaycan məktəblərinin maddi-texniki bazasının dünyanın ən inkişaf etmiş ölkələrinin maddi-texniki bazası ilə müqayisə oluna biləcəyini söyləyib: “Ölkəmizdəki 4500-dən çox məktəbin üçdə ikisindən çoxu son illərdə yüksək maddi-texniki baza ilə təmin olunub. Biz də Pedaqoji Universitet olaraq çalışmalıyıq ki, kadr potensialı yüksək olsun. Ölkəmizin inkişafı üçün universitetlərinin inkişafı vacibdir, bunun üçün əvvəlcə məktəblərimiz güclənməlidir. Burada isə ibtidai sinif müəllimlərinin üzərinə daha çox yük düşür. Son illərdə ölkəmizdə müəllimlərin əməkhaqqının yüksəlməsi, müəllimlərin rifah halının güclənməsi də məktəblərin inkişafına xidmət edir. Bu da, öz növbəsində, təhsilimizin inkişafına təsir göstərir”.

 

Tədbirdə “Çinar Yayımları”nın təsisçisi Bəhram Oruclu isə forumun əsas məqsədinin dövlət təhsil strategiyasına xidmət etmək olduğunu qeyd edib.

 

Respublika Təhsil Şurasının sədri,  Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya kafedrasının professoru Hikmət Əlizadə uşaqlarla rəftarda  psixologiyanın əldə etdiyi yeniliklərdən bəhs edib.

 

Sonra İsmayıllı rayon İstisu kəndinin ibtidai sinif müəllimi Şahid Muradlı, uşaq yazıçısı Sevinc Nuruqızı və Bakı şəhər 23 nömrəli  tam orta məktəbin müəllimi Solmaz Abdullayeva Forumun təşkilat komitəsinin təsis etdiyi Nəsib Bəy Yusifbəyli   və on üç müəllim isə “Çinar Yayımları”nın “Uğur” mükafatları ilə təltif olunublar.

 

Şakir CƏFƏROV