Fənnin həyatla sıx əlaqəsini diqqət mərkəzində saxlayıram


Ailəmizdə müəllim-pedaqoq peşəsi ənənəvi xarakter daşıyır. Gözümü açandan   şagirdlərlə davranış, valideynlərlə ünsiyyət haqda atam, respublikanın Əməkdar müəllimi, Azərbaycanın Qabaqcıl Maarif Xadimi Qəşəm Məmmədovdan  eşitdiyim və beynimdə həkk olunan fikirlər mənim ilk pedaqoji-metodiki dərslərim olub.

 

Evdə beşinci övlad olmuşam və məndən böyük bacı-qardaşlarım müxtəlif ixtisaslar üzrə müəllimlik peşəsini seçiblər (Onlardan ikisi hal-hazırda elmlər doktoru, professor, biri Türkiyə Respublikasında lisey direktorudur). Mən də orta məktəbi bitirdikdə  heç tərəddüd etmədən uşaqlıqdan sevdiyim və fəaliyyət göstərmək istədiyim müqəddəs  müəllimlik  peşəsini seçdim.

 

1986-cı ildən Vayxır kənd orta məktəbində kimya-biologiya müəllimi kimi fəaliyyətə başladıqdan sonra mənimsədiyim bilik və təcrübənin tətbiqinə başladım, kreativ yollara üstünlük verdim.   Məqsədimə yavaş-yavaş nail oldum. Məktəbin məzunları içərisində ən yüksək bal, olimpiada göstəriciləri, ixtisas seçimində çoxluq mənim tədris etdiyim fənn üzrə istiqamət aldı. 

 

Vayxır kənd orta məktəb məzunları içərisində 600 bal limitini ilk keçmək də məhz kimya-biologiya fənlərinə üstünlük verilən ixtisaslarda özünü göstərdi.  Məzunlarımızdan bu göstəricini ilk olaraq 1998-ci ildə Xəyalə Əliyeva  ATU-nun müalicə işi ixtisasına qəbul olunarkən əldə etmişdir. Xəyalədən başlanan bu nailiyyət davamlı olmuşdur; yüksək balda birincilik və ixtisas üstünlüyü hər zaman kimya-biologiya fənnində özünü göstərmişdir. Son nailiyyətimiz də ürəkaçandır.  Builki məzunlardan  Xəyal Seyidov 645 balla ATU-nun müalicə işi ixtisasına qəbul olmuşdur. Xəyal, eyni zamanda orta məktəbi qızıl medalla bitirmiş, kimya üzrə keçirilən olimpiadalarda Naxçıvan MR üzrə 1-ci, respublika üzrə ikinci yeri tutmuşdur.

 

Şagirdlərimin bir çoxu kimya-biologiya üzrə müəllimlik peşəsinə yiyələnməyə üstünlük vermişdir.  10-dan yuxarı məzun öz gələcəyini bu peşəyə bağlamışdır. 

 

Məzunlar içərisində elmi tədqiqatlarla məşğul olanlar da var. Onlardan Mahnur Cəfərli   AMEA-nın Naxçıvan bölməsində kimya mütəxəssisi kimi elmi araşdırmalarla məşğuldur, kimya üzrə fəlsəfə doktoru və ciddi elmi əsərlər müəllifidir. Gülğün Əhmədova  ARDNŞ-də neftin analizi üzrə mütəxəssis, fəlsəfə doktoru, dosentdir.

 

Tədris etdiyim fənlərə bu qədər sevgi və maraq yaranmasının əsas səbəbi ilk növbədə oradan başlayır ki, mən özüm ixtisasımı və peşəmi çox sevirəm, onun enerjisini hiss edirəm. Çox sevdiyim bir fənni, həm də çox sevdiyim millətimizin, doğma Azərbaycanımızın gələcəyi olan gənc nəslə öyrətməkdən, bu sahədə layiqli, bacarıqlı nəsil yetişdirməkdən məmnunluq yaşayıram.

 

İlk dərsləri fənnin çətinliyini yox, maraqlılığını, həyati əhəmiyyətini  aşılamaq üçün şagirdlərin məişətdən, təbiətdən mənimsədikləri təcrübə və müşahidələri üzərində qururam. Sadədən mürəkkəbə, məlumdan naməluma doğru sirli və maraqlı bir yolun yolçuluğuna çıxırıq, o yolda yaxşı bələdçi olmağa çalışıram. Məlumatın mənimsənilməsini şagirdlərin psixoloji vəziyyəti ilə uzlaşdırıram. Onları yormamağa və qorxutmamağa çalışıram.

 

Dərslərdə nəzəriyyə və təcrübə balansının qorunması vacib şərtdir. Nəzəri məlumatları əsaslandırarkən ilk təcrübələri laboratoriyada kimyəvi məhsullar yox, şagirdlərin gündəlik ünsiyyətdə olduğu əşyalar üzərində qururam; alma, kartof, yod, dəmir parçası, limon, qızılgül, həşəratlar, yağlar və s. bizim ilk təcrübə  materiallarımız və əyani vəsaitlərimiz olur. Bunlar üzərində aparılan təcrübədə baş verən dəyişmələr uşaqların heyrət və təəccübünə səbəb olmaqla bərabər, fənnin sirlərinə marağı və onu anlamaq, mənimsəmək istəyini qatbaqat artırır.

 

Şagirdlərimiz kənd yerində yaşadıqları və təbiətlə sıx ünsiyyətdə olduqları üçün müəyyən bilik və təcrübəyə malikdirlər; onların həmin bilik və müşahidələrini elmi sahəyə yönləndirirəm, fənnin həyatla sıx əlaqəsini hər an diqqət mərkəzində saxlayıram. Biologiyada onların öz bədən orqanlarını tanımaları və onların qayğısına qalma, qoruma üsullarını da fənnin imkanları səviyyəsində şagirdlərə öyrədirəm. Bununla şagirdlərin əqli nəticəyə gəlmə, qərarvermə qabiliyyətlərini  gücləndirməyin, yaradıcılığı stimullaşdırmağın da qeydinə qalıram. Bütün bunlara nail olmaq üçün  pedaqogikanın, eləcə də fənnin müasir metodlarından geniş istifadə edirəm.  Tədrisdə daha çox A.Osborn metoduna (beyin həmləsi)  müraciət edirəm.

 

Azərbaycan dövlətinin, eləcə də Naxçıvan MR-in rəhbərliyinin diqqət və qayğısı nəticəsində məktəbimiz informasiya texnologiyaları vasitələri ilə də tam təchiz olunub. Bu isə bizə imkan verir ki, dərsin həyatla əlaqələndirilməsi, tədris etdiyimiz fənn sahəsində yüksək nailiyyətlər və onları əldə etmiş mütəxəssislər haqda, yeri gəldikdə slaydlar nümayiş etdirək. Bu da fənnə maraq oyatmaqda öz effektiv təsirini göstərir.

 

Fənlərə maraq yaratmağın bir yolu da təkcə şagirdlərin yox, həm də onların vasitəsilə valideynlərin marağının kimya-biologiyaya artırılmasıdır. Dərsin həyat təcrübəsi ilə daimi əlaqələndirilməsi, bəzi sadə təcrübələrin evdə aparılmasının tapşırılması həm bu sahədə valideynlərin maariflənməsinə xidmət edir, həm də fənnin əhəmiyyətinə onların da maraq və inamını artırır. Tez-tez belə hallar olur ki, valideynlər mənimlə əlaqə saxlayıb, bitki və heyvanlara qulluq, öz sağlamlıqlarının qorunması və s. haqda fənnimizin imkan verdiyi dərəcədə suallar soruşurlar.

 

Tədris etdiyim fənlərin həyatla əlaqələndirilməsinə aid elmi məqalələr yazıb, yeri gəldikcə respublika mətbuatında çap etdirirəm. Bununla da şagirdlərin müəllimə olan inamını gücləndirirəm.

 

Artıq məktəbimizdə fənlərimizin tədrisini təkbaşına yerinə yetirmirəm. Mənimlə eyni sırada universitet məzunu şagirdlərim də var. Bir fənn birləşməsi rəhbəri kimi də şagirdlərimdən öz bilik və təcrübəmi əsirgəmirəm.

 

Əldə etdiyim nailiyyətlər Naxçıvan MR Təhsil Nazirliyinin, təhsil şöbəsinin, məktəb rəhbərliyinin diqqət mərkəzində olmuş və təşəkkürnamə, fərqlənmələrlə qiymətləndirilmişəm. Naxçıvan MR Təhsil Nazirliyinin dəfələrlə  Fəxri Fərmanı ilə təltif olunmuşam.

 

Şükufə ƏHMƏDOVA,

Naxçıvan MR Babək rayon Vayxır kənd orta məktəbinin kimya-biologiya müəllimi