Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” təşkil olunub.


Dünya universitetlərində də hər il ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat vermək və əyləncəli, pozitiv gün yaşatmaqdır.

 

UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan “Oriyentasiya günü”ndə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumatlar verib, tələbə könüllülər isə onlara universitetlə tanışlıqda bələdçilik ediblər.

 

Birinci kurslar üçün universitetin həyətində tələbə təşkilatlarının, Karyera Mərkəzinin, “UNEC Startap” və “Enactus”un stendləri də quraşdırılıb. Stendlərdə onlara tələbə təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib.

 

“Oriyentasiya günü”ndə tələbələr elektron monitorlarda yerləşdirilən dərs cədvəlləri ilə tanış olublar. Elektron monitorlar vasitəsilə daxil olduqları fakültə haqqında, tələbə təşkilatlarının fakültə nümayəndəlikləri, ikinci əlaçı təqaüdü qazanan və fəal tələbələri, eyni zamanda UNEC-in ikili diplom proqramları barədə məlumatlar əldə ediblər.

 

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər səsləndirilib, birinci kurslar üçün əyləncəli və intellektual oyunlar, idman yarışları keçirilib. Prezident təqaüdçüləri tədbir zamanı Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, UNEC-ə 2019/2020-ci tədris ilində 4799 tələbə qəbul olunub, onların 3273 nəfəri bakalavr, 1526-si isə magistrdir.