ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) Bakı Amerika Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində İngilis dili müəllimləri üçün həyata keçirdiyi ənənəvi “İngilis dili həftəsi” sona çatıb.

 

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer ilə görüşən ADU-nun rektoru akademik, xalq yazıçısı Kamal Abdulla səfiri hər zaman universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor K.Abdulla qonağı “Səfir saatı” layihəsində tələbələrlə görüşməyə, onları maraqlandıran mövzularda müzakirələr aparmağa dəvət edib.

 

“İngilis dili həftəsi”nin keçirilməsinin əlamətdar hadisə olduğunu deyən K. Abdulla bu kimi tədbirlərin universitetin təbliğində mühüm rol oynadığını deyib. Azərbaycanda Amerika mərkəzinin fəaliyyətindən danışan universitet rəhbəri Azərbaycanın da Amerikada tanıdılması məqsədilə ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ edən mərkəzlərin açılmasını təklif edib.

 

Akademik K.Abdulla Azərbaycan multikulturalizm dəyərlərindən də söz açıb.

 

Universitetdə olmaqdan məmnunluğunu dilə gətirən diplomat “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşün təşkil olunacağını bildirib. Səfir “İngilis dili həftəsi”nin təşkilində şərait yaradıldığı üçün universitet rəhbərinə və digər əməyi keçən şəxslərə təşəkkürünü bildirib.

 

Görüş müəllimlərin mübadiləsi, təhsilin idarəedilməsində birgə layihələr haqqında müzakirələrlə davam edib.

 

Qeyd edək ki, 9-13 sentyabr tarixlərində Bakı şəhərində və müxtəlif Azərbaycanın regionlarında yerləşən məktəb və liseylər, universitetlərdən olan 109 nəfər müəllimlər Amerika Mərkəzində İngilis dili sessiyalarında innovativ metodlardan istifadə edərək praktiki ünsiyyət bacarıqlarını inkişaf etdiriblər. İnteraktiv sessiyalarda müəllimlər tədris planlarında video mühazirələrdən necə səmərəli şəkildə istifadə etmək, sosial medianın mənalı şəkildə sinifə necə inteqrasiya etmək və digər innovativ dərs metodlarının istifadə texnologiyalarının tətbiqini öyrəniblər.

 

Sessiyalar pedaqoji sahənin peşəkar təlimçiləri Stephen Sadlier, Richard Schlight və Jordan Troisinin rəhbərliyi ilə aparılıb.