Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib.

 

Dövlət himni səsləndikdən sonra çıxış edən BANM-nin rektoru Elmar Qasımov qısa zamanda əldə edilən uğurlar, görülən işlər və perspektivlər haqqında danışıb. Rektor bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. O, bu il Ali Məktəb üzrə 11 nəfərin 680-dən çox bal topladığını, yarandığı ildən indiyədək isə BANM-nin 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını  vurğulayıb.

 

Rektor həmçinin qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində BANM-nin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub. “Bizim Ali Məktəbi bitirən bütün məzunlar işlə təmin olunur. Onlar SOCAR-ın bir çox müəssisələrində, o cümlədən, Türkiyədə PETKİM və STAR zavodlarında, BP, Maire Technimont Group, Halliburton və digər transmilli şirkətlərdə çalışırlar. Eyni zamanda, dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunublar”, - deyə E.Qasımov bildirib.

 

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.

 

Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradova bildirib ki, son illər ölkəmizdə təhsil sistemində əldə edilən uğurlar təhsilverənlərin peşəkarlığı ilə yanaşı, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.

 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc təhsil sistemində tətbiq edilən innovasiyalar sayəsində, bu gün Ali Neft Məktəbi kimi yüksək infrastruktura malik və keyfiyyətli tədris metodu ilə seçilən ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib.

 

Digər çıxışlardan sonra 2019/2020-ci tədris ilində Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrin hər birinə  tələbə vəsiqələri təqdim olunub.